Türkiyə Azərbaycanlı sahibkarlara bu məhsulun ixracına icazə verib

24.01.2019 Aqrar
Azərbaycanlı sahibkarlar Türkiyəyə soğan ixrac etmək hüququ əldə ediblər. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məılumatında deyilir.

"Kommersant.az" AQTA-a istinadən xəbər verir ki, “Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğanın ixracına icazə verilib”, - deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbəri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.