"Bu sistem olmasa şoranlaşma əmələ gələcək" - TÜRKİYƏLİ EKSPERT AZƏRBAYCAN HAQDA

4 Sentyabr 11:30 Aqrar
Suvarılan torpaqlar kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1432,7 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlardan götürülür.

"Kommersant.az" xəbər verir ki, suvarılan torpaqların təxminən üçdə birindən çoxu (565 min hektarı) mexaniki üsulla, o cümlədən 349,4 min hektar elektrikləşdirilmiş, 68,2 min hektar dizel nasos stansiyaları ilə, 147,7 min hektarı isə subartezian quyuları vasitəsilə suvarılır.

Bəzi regionlarda suvarma suyu ilə təminat uzun illərdir ki, aşağı səviyyədədir. Suvarma suyu ilə bağlı çətinliklər iqlim dəyişiklikləri zamanı xüsusilə özünü qabarıq göstərir. Vaxtında suvarılmayan əkin sahələri sıradan çıxır. Digər problemlər sırasına isə suvarma zamanı itkilərin çox olması, çaylarda sululuğun azalması, beton kanalların çatışmaması, şoranlaşma və s.daxildir.

Suvarma sistemləri texnologiyasının da bir növ ənənəvi olması məhsuldarlığın aşağı olmasına təsir göstərir.

Qeyd edək ki,"Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC Azərbaycanda ilk dəfə olaraq Pivot Suvarma Sistemlərinin texnologiyasının istehsalına başlayıb. Onun vasitəsilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumların suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə biləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda ölkədə Pivot Suvarma Sistemləri Ağsu, Kürdəmir, Xaçmaz və Biləsuvur rayonlarında tətbiq edilir.

Regionlarda suvarma suyu ilə bağlı problemləri necə həll etmək olar?

Kənd təsərrüfatı üzrə türkiyəli ekspert Ramazan Karaşahin məsələ ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirib ki, suvarma suyunun daşınması beton kanallar vasitəsilə həyata keçirilməlidir:

"Bu sistem olmadığı müddətdə torpaq səviyyəsindəki kanal suyu yuxarı qalxaraq şoranlaşma əmələ gətirəcək. Torpaq və kanaldakı tıxanmanın miqdarını azaltmaq üçün kollektor-drenaj sistemləri (təxminən 3-5 ildən bir) təmizlənməlidir. Suvarılacaq sahənin suvarma sisteminin düzgün seçilməsi mütləqdir. Bitkiyə artıq su verib ərazini gölməçəyə çevirmək böyük yanlışlıqdır (tarlada şoranlaşma yaradacaq, bitkinin köklərində fotosintez prosesini pozacaq). Bu isə nəticədə məhsuldarlığa təsir edəcək. Bunların olmaması üçün kiçik əraziyə damlama sulama sistemi, orta ərazi üçün çiləmə (yağmurlama) sistemi, böyük ərazi üçün isə pivot sistemi tətbiq edilməlidir. Düzgün seçilmiş sistem sürüşmənin qarşısını alır, torpağın mikroorqanizmlərə zəngin olmasını təmin etməklə yanaşı, məhsuldarlığı yüksəldir".

Ekspert qeyd edib ki, dəniz səviyyəsindən aşağıda yerləşən zonalarda (öz axını ilə suvarma olan yerlərdə) suvarma sistemi ilə bağlı problemlər daha qabarıqdır:

"Həmin ərazilərə Aran zonası başda olmaqla (80%-i), Yuxarı Qarabağ, Qazax, Haramı düzü, Zərdab, Kürdəmirin bir hissəsi, Saatlı, Sabirabad, Ağcabədinin bir hissəsi daxildir. O ərazilərdə torpaq 1 metr qazıldıqda su çıxır. Şoranlaşmanın əmələ gəldiyi zonalarda torpağa dəyən ziyan 80-90% təşkil edir".

R.Karaşahin Azərbaycanla bərabər Türkiyədə də tətbiq edilən suvarma sistemləri və bu sahədəki problemlərdən danışıb:

"Türkiyənin torpaqları dəniz səviyyəsindən hündürlükdə yerləşir. Dəniz səviyyəsindən aşağı torpaqlar demək olar ki, cüzidir. Türkiyədəki torpaqlar böyük deyil - 5-20 hektarlıqdır. O torpaqlarda damlama sulama və yağmurlama sulama sistemləri daha çox istifadə olunur. Türkiyədə çox az torpaqlarda pivot sistemi tətbiq olunur. Həmin ərazilər dövlət torpaqları (Devlet İşletmeleri Genel Müdürlüğü nəzarət edir) sayılır. Pivot sistemi üçün minimum 55 hektar torpağın olması lazımdır ki, fermer əkilən məhsulun mayasını çıxara bilsin. Müasir suvarma sistemlərinin tətbiqi ilə bitkinin tələb etdiyi su miqdarı istifadə olunacağına görə (minimum 70%) şoranlaşmanın da qarşısı alınacaq.

Azərbaycanın elə zonaları var ki, oranın torpaq keyfiyyəti Türkiyədəki torpaqların keyfiyyətindən 1 pillə yuxarıdadır (İsmayıllı, Oğuz, Şəki, Cəlilabad). Xüsusilə Oğuzda yağıntının miqdarı daha yaxşıdır".

Ekspert eyni zamanda vurğulayıb ki, Azərbaycanda yeraltı sulardan istifadədə çirklənmənin yaranması halı ilə rastlaşmayıb:

"Yeraltı sular torpağın səthinə filtr olunaraq ötürülür. Sadəcə zəif qumluluq və lil yarada bilər. Onlar isə müvəqqətidir. Quba-Xaçmaz bölgəsində, Haramı düzündə Xanqızı kanalı ətrafında yeraltı sular torpağa lil gətirir.

Yeni kanalların da çəkilməsinə ehtiyac olduğunu düşünmürəm. Mövcud kanalların bərpası ilə torpaqların ömrünü uzatmaq mümkündür".

Əkin mövsümünün yaxınlaşmasını nəzərə alan R.Karaşahin fermerlərə bəzi tövsiyələr verib:

"Təxminən 10 il əvvəl müşahidə edirdim ki, bəzi fermerlər bitkiyə hədsiz su verib, ərazini gölməçəyə çevirirlər. Lakin demək olar ki, hazırda suvarma mədəniyyəti formalaşıb. Fermerlər suya daha ciddi yanaşırlar. Son 2 ildir, Azərbaycanda kanallarda bərpa işləri görülür, aqroparklara su çəkilir. Fermerlərdən xahişimiz odur ki, ərazini sulayarkən ona ehtiyacı olan suyu versinlər. Əkin yerinin relyefi düzgün deyilsə, relyefi düzəltdikdən sonra suvarma sistemi tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, 1 santimetr torpaq 300 ilə əmələ gəlir".