İl ərzində banklar neçə kampaniya həyata keçirib? - SİYAHI

26.12.2018 Bank
Azərbaycanda fəaliyyət göstərən 30 bankın il ərzində neçə kampaniya keçirdiyi üzrə sorğu keçirilib. Belə ki, bir neçə bank məktub və ya telefon zəngi ilə sorğuda işitirak etmək istəməyib, kimisi isə bankda keçirilən kampaniyaların azlığına görə utandığını dilə gətirib.

“Kommersant.az” maliyyə və biznes portalı ilin yekunu ilə əlaqədar olaraq banklarda il ərzində keçirilən kampaniyaların hesabatını tərtib edib. Bankların marketinq şöbələrindən əldə etdiyimiz məlumata əsasən sıralamanı sizə təqdim edirik:

Atabank – Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bank il ərzində 8 kampaniya keçirilib;

AmrahBank – Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru Şəfiqə Hacıyeva; bir depozit, bir pul köçürmələri, 4 kredit kampaniyası olmaqla toplamda 6 kampaniya;

Unibank – İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova bankın fiziki və hüquqi şəxslərə ünvanlanmış ümumilikdə 60 – dan çox kampaniya həyata keçirdiyini bildirib.

Kapital Bank – Marketinq departamenti İctimaiyyətlə əlaqələr şöbəsi Mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, bank 15 kampaniya və onlarla müxtəlif aksiya həyata keçirilib. P.Sədrəddinov keçirilən kampaniyaları belə şərh etdi:

“Kapital Bank tərəfindən 2018-ci il ərzində 15 kampaniya və onlarla müxtəlif aksiyalar keçirilib. Bu aksiyalar kredit, endirim, güzəşt, lotereya, nağdsız ödənişlərin stimullaşdırılması kimi mühüm istiqamətləri əhatə edib.

2018-ci il ərzində Kapital Bank tərəfindən 2 böyük məhsul bazara təqdim olundu. Onlardan biri “Hər kəsə, hər istəyə” sloqanlı BirKart, digəri isə məşhur “Gözləmə!” kampaniyası ilə tanınan BirBank mobil tətbiqidir.

Hazırda BirKart-ın 3 çeşidini müştərilərə təklif edirik – taksit, taksit/cashback və taksit/miles. 300 000-nə yaxın istifadəçisi olan BirKart bir sıra meyarlarına görə rəqiblərini geridə qoyur. Əsas üstünlüyü bütün tərəfdaşlarda taksitlə alış-veriş zamanı əlavə faizin və komissiyanın olmamasıdır. Bu ilin 4 ayı ərzində müştərilərimiz üçün “Bütün taksitlər Milana aparır” adlı geniş kampaniya keçirdik. Yüzlərlə müştərimiz müxtəlif hədiyyələr, bir nəfər isə sonda Milana 2 nəfərlik səyahət eldə etdi.

Fevral ayında “Gözləmə!” sloqanlı BirBank tətbiqinin bazara təqdim etdik. Bu aksiyada 3 milyondan artıq insanı əhatə edə bildik. “Gözləmə” aksiyasında komandamız bütün marketinq alətlərindən istifadə etdi – TV və radiodan tutmuş, çöl reklamları və sosial şəbəkələrə qədər. Bunun da nəticəsində hazırda BirBank-ı 300 000-dən artıq istifadəçi yükləyib. Hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Bir müddət əvvəl bu tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkün oldu. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər.

Bundan başqa noyabr ayında BirBank-ın “Ürəklər” bonus proqramının təqdimat öncəsi sosial şəbəkələrdə olankvest tipli oyunun keçirilməsi də marağa səbəb oldu. Bu aksiya zamanı sosial şəbəkə istifadəçiləri sualın düzgün cavabını tapıb, partnyor mağazalarına gedib orada olan “ürəyi” tapmalı idilər. Bunu ilk tapan şəxsə tərəfimizdən pul mükafatı verilirdi”.

AG Bank – Biznesin İnkişafı Departamenti Direktor v.i.e. Fatimə Ağalarova; bank il ərzində 17 kampaniya həyata keçirib.

Bank Of Baku – Bankın Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva sorğunu belə cavablandırıb: “Geridə qoymağa hazırlaşdığımız 2018-ci il ərzində bankımız müştərilərin sevincinə səbəb olacaq onlarla kampaniya həyata keçirmişdir. Kampaniyalar fərqli məhsul və xidmətlər üzrə, əsasən gündəlik maddi tələbatlarını qarşılamaq istəyənlər üçün 20.000 AZN-dək Nağd Pul Krediti, bizneslərini daha da böyütmək istəyən sahibkarlar üçün Biznes Kreditləri, taksitli alış-veriş sevərlər üçün Bolkart kredit və ya öz vəsaitindən istifadəyə üstünlük verənlər üçün Bolkart Debet kart məhsulları üzrə, həmçinin İnternet Bankçılıq, Təcili Pul Köçürmələri və digər xidmətlərdən faydalanan müştərilərimizə özəl olaraq keçirilmişdir. Ümumilikdə qeyd etsək, həm istehlak, həm də korporativ bankçılıq sahəsində xidmət göstərdiyimiz müştərilər üçün icra edilən fərqli istiqamətli kampaniyaların ümumi sayı 40-a yaxın olub”.

Yapı kredi Bank – Korporativ Əlaqələr Departamentinin direktoru Heydər İsmayılov bildirib ki, "Yapı Kredi Bank (Azərbaycan)" 2018-ci il üzrə Yapı Kredi və Worldcard markalarının müştəriləri üçün müxtəlif qazandıran kampaniyalar həyata keçirmişdir. Yapı Kredi Markası üçün müştərilərimizin tələblərinə uyğun yeni kredit məhsulları hazırlanmış və bu məhsullardan istifadəni artırmaq məqsədilə stimullaşdırıcı şərtlər təqdim etmişdir.

Ümumilikdə Yapı Kredi markası üçün 6 kredit, 4 internet bankçılıq və 2 mobil bankçılıq kampaniyaları həyata keçirilib. Bankın marketinq meneceri Heydər İsmayılov bankda il ərzində keçirilən kampaniyaları belə şərh edib:

“Yapı Kredi Bank Azərbaycana məxsus Worldcard markası da 2019-cu ildə müştərilərini qazandıran kampaniyalarla sevindirmişdir. Yanvar-Dekabr ayları boyunca dayanmadan partnyor mağazalarımızla ortaq kampaniyalarımızda müştərilərimiz müxtəlif məhsulları daha sərfəli şərtlərlə əldə etmişlər. Eyni zamanda, ilin əvvəlindən etibarən bütün Worldcard istifadəçiləri üçün müxtəlif kampaniyalar edilmiş ki, il sonunda baş tutan 2019 Manat Qazan Layihəsi böyük marağa səbəb olmuşdur. Worldcard markası olaraq 2018-ci ildə ümumilikdə 40-dan çox kampaniya baş tutmuşdur”.

Muğan Bank - Marketinq departamentinin direktoru Orxan Bayramov; Bankımız bu il 5 yadda qalan kampaniya həyata keçirib.

Xalq Bank – Reklam və ictimai əlaqələr şöbəsinin direktoru Elşən Eynullayev; il ərzində Bakcell, Ulduzum, VisaInternational, MasterCard, hesab.az şirkətləri ilə ümumilikdə 16 müştərək aksiya keçirilib.

Bank VTB – Mətbuat Xidmətinin rəhbəri Gülçin Qədirova; Bank il ərzində 10 aksiya həyata keçirib. Bu aksiyaların əksəriyyəti nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə reallaşdırılıb.

Daha çox maraq doğuran aksiyalar bunlardır:

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş plastik kartlar üzrə aksiya; “Baku-Moskva”adlı nağdsız ödənişləri stimullaşdıran aksiya; Nağd kredit üzrə payız aksiyası; Premium kartlar üzrə Yeni il aksiyası; Nağdsız ödənişlər üzrə Qazandıran aksiya;

Qeyd edək ki, sorğu ölkə ərazisində fəaliyyət göstərən bütün banklara göndərilib. Adları çəkilməyən banklar sorğuda iştirak etməkdən boyun qaçırıb.