Bankların marketinqləri bu il necə işlədi? - BANKLARA SORĞU

27.12.2018 Bank
Bankların marketinq departamentləri il ərzində rəqibləri ilə sanki yarışa girmişdi. Belə ki, rəqibləri ilə yarışa girən banklar il ərzində yeni-yeni kampaniyalara start verdi, mətbuatda bununla bağlı PR apardı və s. Rəqabət o qədər böyük idi ki, bunu görməmək mümkün deyildi. Ard - arda kampaniyalar, tanıtımlar, il ərzində yeni istifadəyə verilən plastik kartlar və göndərilən press-relizlər banklar arasında rəqabətin gündən - günə artdığını göstərirdi.

“Kommersant.az” il sonunda Azərbaycanda fəaliyyət göstərən 30 bank üzrə sorğu apardı. Belə ki, bankların marketinq departamentlərindən öz işlərini qiymətləndirməyi və mətbuatla hansı çətinlikləri yaşadıqlarını soruşduq. Təbii ki, məsələyə biganə yanaşan banklarımız oldu. Belə desək, "göz muncuqları". Ya öz işlərinə qiymət verməyi bacarmadılar, ya da həqiqətən də işlərini qiymətsiz saydıqları üçün özlərini bu yazıda rəqiblərindən kiçik görmək istəmədilər. Normal düşüncədi. Rəqibindən arxada qalacağına yarışmasan, daha yaxşıdı.

ELƏCƏDƏ BAX: İl ərzində banklar neçə kampaniya həyata keçirib? - SİYAHI

AtaBank – Bankın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov sorğumuza cavab olaraq bildirib ki, bankın marketinq şöbəsi ili yüksək səviyyədə başa vurub, media nümayədələri ilə münasibətlərdə problem yoxdur.

Bank Respublika – Bankın Marketinq Kommunikasiyaları üzrə meneceri Çingiz Əsədovun sözlərinə görə, bankın marketinq şöbəsi ili çox dinamik və pozitiv şəkildə başa vurub, amma bununla belə görüləcək işlər olduğu düşünülür. Çingiz Əsədov bankın media ilə münasibətini şərh edərkən isə bildirib ki, “Mətbuat nümayəndələri bizim dostumuz və imicimizin formalaşmasında mühüm rol oynayan vasitədir. Bizim heç bir problemimiz yoxdur. Ümid edirəm ki, onlar da bizdən məlumat alarkən problem yaşamır”.

AmrahBank – Bankın marketinq direktoru Şəfiqə Hacıyeva sorğumuza cavab olaraq bildirdi ki, ümumilikdə bankın marketinq şöbəsinin işi marketinq direktoru tərəfindən “yaxşı” olaraq qiymətləndirildi. AmrahBankın media ilə münasibətlərinə gəldikdə Ş. Hacıyeva jurnalistlərlə əlaqələrin yaxşı olduğunu, növbəti ildə dostluq münasibətlərinin daha da yaxşılaşdırılacağını söyləyib.

UniBank – Bankın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova bildirir ki, 2018-ci il Unibank KB üçün uğurlu illərdən biri olub. Bu uğurların əldə olunmasında bankın Marketinq komandasının da xüsusi rolu olub. Bankdan verilən məlumata görə, Unibankın marketinq addımları il ərzində bank sektorunda bu sahədə fərqliliyi, özünəməxsusluğu və ümumilikdə intensivliyi ilə yadda qalıb.

Bankın mətbuatla əlaqələrinə gəldikdə Unibank ölkədə mətbuatla sıx əməkdaşlıq edən banklardan biri olduğunu söyləyir. Bank bu əməkdaşlığın daha çox müsbət istiqamətdə qurulmasına çalışdığını bildirib. İl ərzində bank haqda mətbuatda gedən yazıların ümumi təhlili göstərir ki, daha çox neytral və pozitiv məlumatlar yayılıb.

Kapital Bank - Bankın Marketinq departamenti İctimaiyyətlə əlaqələr şöbəsi Mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, kampaniyalar zamanı müştərilərin, sosial şəbəkə istifadəçilərinin və əhalinin bu kimi marketinq fəaliyyətlərini yüksək qiymətləndirməsi, marketinqin işinin uğurlu olmasına işarə edir. Marketinq şöbəsi isə bu vəziyyətdən məmnunluğunu ifadə edir.

Bankın marketinq şöbəsindən verilən məlumata görə, Kapital Bank mətbuatla sıx işləyən banklar sırasındadır: “Bir sıra şirkətlərin aylıq reytinq sıralanmasında pozitiv və neytral xarakterli yazılara görə ilk yerlərdəyik, neqativ xəbərlərə görə isə sıralanmada sonuncuyuq. Ay ərzində tərəfimizdən 10-12 press reliz yayılır.

Çətinliklərə gəldikdə isə, bəzən elə “xəbər saytları” var ki, onlar məlumatı dəqiqləşdirmədən və ya birtərəfli şəkildə hər hansı bir dezinformasiyanı tirajlamağa başlayırlar. Təbii ki, onların məqsədləri qalmaqal yaradaraq ucuz reytinq qazanmaq və ya reklam müqaviləsi imzalamaqdır. Həmin saytlardan xahiş edərdim ki, bir qədər peşəkar olsunlar və həqiqəti əks etdirməyən, hətta bəzən vaxtı keçmiş, köhnə məlumatları dərc etməsinlər. Azərbaycanda bir sıra peşəkar KİV-lər var. Ən azından onlara baxıb, düzgün xəbər yazmağı və yaymağı öyrənsinlər. Fürsətdən istifadə edib, sonda portalınız vasitəsilə bütün peşəkar jurnalistlərə, saytların rəhbərlərinə və əməkdaşlarına təşəkkürümü bildirirəm”, - deyə bankın Mətbuat katibi Pərviz Sədrəddinov bildirib.

AG Bank – Biznesin İnkişafı Departamenti Direktor v.i.e. Fatimə Ağalarova öz işlərinə qiymət verməyi düzgün saymadığını, sadəcə görülən işlər haqda məlumat verərək qərarı oxuculara və bizlərə buraxmaq istədiyini bildirdi:

“2018-də bir çox saytla əməkdaşlıq etməyə başladıq. Hazırda reklamlarımız, məqalələrimiz və əməkdaşlarımızın müsahibələri ən oxunan saytlarda dərc olunur.

Qeyd etdiyimiz kimi, bir çox aksiyalar və kampaniyalar keçirildi. 2018-ci il ərzində 17 kampaniyamız müştərilərimizin istifadəsinə verildi. Müsbət xəbərlər qalanlardan qat-qat üstündür, bu isə o deməkdir ki, strategiya və istiqamət düzgün seçilib.

Hər zaman yeni məqsədlər qoymaq və onlara nail olmaq lazımdır. İnkişafın ən əsas lokomotivlərindən biri – heç zaman nail olduqlarınla kifayətlənməmək və digərləri ilə deyil, özün özünlə rəqabət aparmaqdır. Bu gün sən dünənki səndən daha təcrübəli, daha peşəkar və daha iddialı olmalıdır.

Biz açıq, dost sevən və dostluğu yüksək qiymətləndirən bankıq, bizim Media ilə heç bir çətinliyimiz yoxdur, jurnalistlərin işinə hörmətlə yanaşırıq və bütün Azərbaycan xalqına sülh və əminamanlıq arzulayırıq.

AGBank 2018-ci ildə öz 26 illiyini qeyd etdi. Çox xoşdur ki, Bankın ad günündə Media nümayəndələri tərəfindən çoxsaylı təbriklər aldıq, məncə bu yalnız və yalnız dostluğun əlamətidir”, - deyə bankın direktoru Fatimə Ağalarova bildirib.

Bank Of Baku - Bankın Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva bildirir ki, istənilən fəaliyyətin qiymətləndirilməsində ən mühüm amillərdən biri həmin fəaliyyətin yekununda əldə olunan nəticədir: “İl ərzində etdiyimiz işlərin ən böyük qiyməti müştərilərimizdən aldığımız müsbət geridönüşlər, xidmətlərimizdən istifadə zamanı göstərdikləri məmnunluq, onlara özəl olaraq təqdim etdiyimiz yeni məhsullardan, keçirdiyimiz kampaniyalardan maksimum faydalanma istəkləri və maraqları olub. Bunları nəzərə alaraq, deyə bilərəm ki, 2018-ci ildə marketinq komandamızın qarşısında qoyulmuş əsas hədəfə - müştərilərin istəklərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsi, aparılan araşdırmaların nəticəsi olaraq aşkar etdiyimiz müştəri tələbat və ehtiyaclarının qarşılanması üçün fərqli güzəşt və ya endirim kampaniyalarının tətbiqi, xidmət və məhsullarımız haqqında məlumatlılığın artırılması üçün gördüyümüz reklam və PR fəaliyyətləri, Korporativ Sosial Məsuliyyət proqramımız çərçivəsində cəmiyyətə töhfə verəcək onlarla sosial layihənin icrası uğurla həyata keçirilmişdir. Bütün bu işlərin ən yüksək dəyəri isə, qeyd etdiyim kimi, müştərilərimizdən gələn müsbət rəylər və onların xidmətlərimizdən daimi olaraq faydalanmalarıdır”, - deyə bankın direktoru Gülşən Cumayeva bildirib.

G.Cumayeva mətbuatla qurulan əlaqələrə gəldikdə medianın istənilən qurumla cəmiyyət arasında körpü yaradan ən mühüm özüllərdən biri olduğunu söyləyib. O əlavə edib ki, bu körpünün sağlam və möhkəm qurulmasında “Bank Of Baku”ya dəstək olan hər bir media nümayəndəsinə, mətbu orqana şəxsən dərin təşəkkürünü bildirir. Gülşən Cumayeva sonda onu da vurğulayıb ki, “Mətbuat nümayəndələri ilə əməkdaşlıqda qarşılaşdığımız ən böyük çətinlik isə bəzən bu körpünün səhv və ya dəqiqləşdirilməmiş məlumat əsasında qurulması zamanı olur. Ümid edirəm ki, 2019-cu ildə media nümayəndələri istənilən mövzuda xəbəri yaymamışdan öncə, onun həqiqəti əks etdirib-etdirmədiyini birbaşa məsul şəxslərlə dəqiqləşdirdikdən sonra həyata keçirəcəklər. Bütün bu illər ərzində bizimlə əməkdaşlıq edən, media dəstəyini heç bir zaman əsirgməyən mətbuat nümayəndələrinə - dostlarımıza çox sağ ol deyir, yeni ildə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirəm”.

Bank VTB (Azərbaycan) – Mətbuat Xidmətinin rəhbəri Gülçin Qədirova düşünür ki, bank il ərzində bu sahədə kifayət qədər fəal olub. Həm keçirilən aksiyalar, həm də Korporativ Sosial Məsuliyyət sahəsində həyata keçirilən işlər bunu deməyə əsas verir. Bank VTB məhz sosial layihələr sahəsində görülən işlər nəticəsində də Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.

Bankdan verilən məlumata görə, bank mətbuat nümayəndələri ilə çox keyfiyyətli işgüzar əlaqələr yaratmağı bacarıb: “Hər zaman jurnalistlərin sorğularına operativ şəkildə cavab verməyə çalışırıq və istənilən jurnalist bizə müraciət edərək bankın nümayəndələri ilə müsahibə edə bilər. Ümumilikdə, mətbuatla işimizdən razıyıq. Ümid edirik ki, onlar da bizim işimizdən razı qalırlar”.

Xalq Bank – Reklam və ictimai əlaqələr şöbəsinin direktoru Elşən Eynullayev sorğumuzu belə cavablandırdı: “İl hadisələrlə zəngin idi.“Xalq Əmanəti” layihəsi çərçivəsində iki nəşri təqdim etdik. Müxtəlif sərgi və forumlarda iştirak etdik. Çoxsaylı bazar araşdırmaları, sorğular təşkil etdik və təhlil materialları işimizdə bir sıra zəruri yeniliklərə yol açdı”.

Mətbuatla münasibətlərə gəldikdə isə Eynullayev media ilə sıx və isti münasibətdə olduqlarını, bunun, həm bank fəaliyyəti, həm də sosial, mədəni layihələrlə bağlı olduğunu bildirib: “Ölkə mediası bizi daim dəstəkləyir. İstərdik ki, daha çox maliyyə sahəsini bilən, iqtisadi proseslərə bələd olan peşəkar jurnalistlər olsun. İqtisadi jurnalistika da öz növbəsində durmadan inkişaf edir və artıq özünəməxsus üsluba, qələmə malik yazarlar var.
Fürsətdən istifadə edib Xalq Bank adından bütün jurnalistləri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirik, yeni ildə yüksək nailiyyətlər arzulayırıq”.

MuğanBank – Bankın marketinq direktoru Orxan Bayramovun verdiyi məlumata görə, bu il bankın marketinqinin işi yaxşı qiymətləndirilə bilər.

Mətbuatla əlaqələrə gəldikdə isə bank haqqında həqiqətə uyğun olmayanların yazılmamasını və dürüst, dəqiq ,qərəzsiz məlumat yayılmasını istədiyini bildirib: “Mətbuatla heç bir problemimiz yoxdur. Onlar bizim dostlarımızdır”.

Yapı Kredi – Bankın Korporativ Əlaqələr Departamentinin direktoru Heydər İsmayılov bildirib ki, “Yapı Kredi Bank Azərbaycan yarandığı gündən etibarən müştərilərinə innovativ məhsulları təqdim etməkdədir. 2018-ci ildə də, bankın innovativ həlləri sayılan İnternet və Mobil Bankçılıq məhsullarının, habelə, digər ən-ənəvi bankçılıq məhsullarının müştəri tələblərinə uyğun olaraq inkişaf etdirilməsi prioritet məqsədlərdən olmuşdur”.

Bank mətbuatla münasibətlərin nə yerdə olduğuna dair suala isə “Yapı Kredi Bank Azərbaycan yerli jurnalistikanın inkişafında payının olması üçün dünyanın 17 ölkəsində olan bankçılıq təcrübəsini tətbiq etməkdədir. Hər zaman müvafiq qanunvericiliyin və korporativ idarə etmə standartının tələbi ilə maliyyə hesabatlarını tam və zamanında hörmətli media mənsubları ilə operativ şəkildə paylaşmışdır”, - deyə H.İsmayılov cavab verib.