"Bu banklar bazarı tərk etməlidir" - EKSPERT

5 Sentyabr 11:13 Bank
Xəbər verdiyimiz kimi, 2019-cu il 4 mart tarixində əmanətlərin tam sığortalanması ləğv ediləcək.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanda 4 mart 2016-cı il tarixindən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır. Bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən çox, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməlidir. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalıdır.

Bəs 4 mart 2019-cu il tarixindən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

Məsələyə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov redaksiyamıza açıqlamasında bildirib ki, vəziyyət faktiki olaraq 2016-cı ilin 4 martınadək olan dövrə qayıdacaq:

"Yəni, şəxsin bir bankda yalnız 30 min manatadək əmanəti sığortalanacaq. Əgər şəxsin hətta 100 min, yaxud 1 milyon manatı da varsa, bank bağlansa, ona cəmi 30 min manat qaytarılacaq (30 min manatı varsa, məbləğin hamısı qaytarılacaq). Bu da təbii ki, əmanətçilər üçün yaxşı xəbər deyil. Aidiyyatı dövlət qurumları, ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatasına tövsiyəm odur ki, məsələni həll etmək lazımdır - ya əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır, ya da bankların sağlamlaşdırılması prosesini bu ilin sonunadək bitirmək lazımdır. Palata özü də dəfələrlə bildirib ki, bir neçə bankın vəziyyəti çox pisdir".

Ekspertin sözlərinə görə, həmin banklar 2019-cu ilin 4 martından sonra bağlansa, bu halda əmanətçilərin itkiləri olacaq:

"2019-cu ilin əvvəlində bank sistemində vəziyyət yenə də pis olsa və 2 aydan sonra əmanətlərin tam sığortalanması ləğv olunsa, əmanətçilər vəsaitlərini banklardan çıxarmağa başlayacaqlar. Bu da bank sistemi üçün çox ağır nəticələrə səbəb ola bilər. Əmanətlərin Sığortalanması Fondu (ADIF) burada yalnız icraçı qurumdur. Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda qeyri-sağlam bank saxlamamalıdır.

Dövlət orqanları bu sahədə qeyri-çevikdirlər. Son anda qərar verməyi gözləyirlər. Bu, dövlət qurumlarının ictimaiyyətlə işləməməsindən irəli gəlir. Bir neçə aydan sonra əmanətçilər arasında panika yarana bilər. İndidən bunun qarşısının alınması üçün tədbir görülməlidir".