Gömrükdən "Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq" xəbəri ilə bağlı - AÇIQLAMA

07.02.2019 Biznes
Bu günlərdə ölkə mətbuatında xaricə gedib-gələn ölkə vətəndaşlarının vətənə dönərkən alıb gətirdikləri mallara görə yeni qadağa və məhdudiyyətlərlə üzləşdiklərinə dair materiallar dərc olunur.

Bildirilir ki, vətəndaşların şəxsi istifadə üçün alıb gətirdikləri malların bir qisminin gömrükdən keçirilməsində problemlər yaradılır. Gömrük əməkdaşları şəxsi istifadə üçün gətirilən malların sayına, məbləğinə qanunvericilik əsasında məhdudiyyət tətbiq olunduğunu bildirirlər.

"Haqqında bəhs olunan məhdudiyyətlər yeni deyil, 2013-cü ildən, Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur”

AZXEBER.COM xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, haqqında bəhs olunan məhdudiyyətlər yeni deyil, 2013-cü ildən, Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur: "Biz bilmirik, niyə indi bü məsələni qaldırıblar. Nazirlər Kabinetinin 305 saylı qərarı beş ildir qüvvədədir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

Qaydaların 2.1.2-ci bəndində isə qeyd olunur ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

- səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

- Bu əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;

- Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

- hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

Fed.az-ın yazdığına görə, xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də, bunu etmək çox çətindir: "Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı onun daşınma xərcləri də göstərilməlidir. Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu, yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə, hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq.

Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları, ümumiyyətlə, rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özləri ilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər".

DGK-dan isə bildirilib ki, Nazirlər Kabinetinin 305 saylı qərarının 1.5 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir: "Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir”.