“Mənə verilən ittiham qədər heç Azərbaycan büdcəsində pul yoxdur”

07.02.2019 Biznes
“Beynəlxalq Bank”ın sədri olmuş Cahangir Hacıyev 4.7 milıyardlıq ittihamla bağlı ifadə verdi

“Dövlət ittihamçıları ittiham aktını elan edən zaman sanki şou göstərirdilər”.

"Posta.az" xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proisesdə sərbəst ifadə verən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev deyib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda C.Hacıuev vurğulayıb ki, həm irəli sürülmüş ittihamları, həm də keçən prosesdə prokurorların çıxışını şou hesab edir.

Prokuror sabiq bankirə etiraz edib, sədrlik edən hakim isə sabiq bankirin sözünü kəsərək, ona ittihamın mahiyyəti üzrə danışması barədə xəbərdarlıq edib.

İttihama görə, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib. 2001-2015-ci illərdə bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılıb.

ittihama münasibət bildirən Cahangir Hacıyev deyib ki, heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur və 4.7 milyard Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Onun sözlərinə görə, Beynəlxalq Bankının Moskva filalının aktivləri 2 milyona yaxın olduğu halda, 4.7 milyard manat pulun mənimsənilməsi mümkün deyil. “Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar, rəqəmlərlə tanış olmayıblar və yalnız ittiham hissəsi ilə tanış olublar. “Mənə göstərə bilərsinizmi ki, ittihamda qeyd edilən vəsaitlər mənim və ailə üzvlərimin hesabına necə köçüb, belə bir sübut varmı?”.

C.Hacıyev deyib ki, “Beynəlxalq Bank” dövlət təşkilatı olmayıb və banka rəhbərlik etdiyi dövrdə dövlətin payı 50.2 faiz olub:

“Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran sabiq bankir bildirib ki, bu cinayət işi üzrə təqsirləndirilənlərdən olan Dünyamin Xəlilovu (sabiq deputat və iş adamı – R.V.) illər əvəvldən, hələ cavanlıq vaxtlardan tanıyır. Onunla heç bir biznes əlaqələrinin olmadığını deyən Cahangir Hacıyev vurğulayıb ki, Dünyamin Xəlilov onun tapşırığı ilə müəyyən layihələrə nəzarət edirdi”.

İttiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir. Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.
Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.