Bakıdakı qadın sürücülərin stereotipi: - Axı bizə olar...

24.11.2018 İş Xanımı
Azərbaycanda yazılmış qanunlarla yanaşı, mentalitet anlayışına söykənən “şərəf məcəlləsi” də var.

Bir vaxtlar müsahibə aldığım İtaliyanın tanınmış şirkətlərindən birinin art direktoru olan qadını xatırladım. O deyirdi ki, Bakı kişilərinin qadın cinsinə olan münasibətindən təsirlənib. Yəni, həddən artıq imtiyazlar var:

“Onun üçün qapını açmaq, liftə birinci buraxmaq, növbə vermək lazımdır”.

O zaman ona demişdim ki, bu, artıq bizim qanımızdadır.

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla söhbətimizdə bu məsələni müzakirə etdik.

“Hər bir polis əməkdaşı ilk növbədə Azərbaycan oğlu, kişisidir. Əlbəttə, bizim keçə bilməyəcəyimiz mentalitet prinsiplərimiz var. Düşünürəm ki, qadın sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozuntularının sayının artması asayiş keşikçiləri tərəfindən onlara qarşı güzəştlərlə bağlıdır”, - V.Əsədov açıqlamasında deyib.

Müsahibimizin sözlərinə görə, qadınlar başa düşməlidirlər ki, güzəştlər ancaq cüzi qayda pozuntuları zamanı ola bilər və bu, ikinci qayda pozuntusunun baş verməsinə hüquq vermir.

“Misal üçün, dönmə işıqlarından biri yanmır. Onlara xəbərdarlıq edilir, bəzən yol polisi əməkdaşları bu maşını yaxınlıqdakı avtomobil ustasının yanına kimi müşayiət də edə bilər.

Əgər qadın sürücü xəbərdarlıq almırsa, bu, o demək deyil ki, o, avtomobil hərəkətdə olarkən sükan arxasında telefonla danışa və ya makyaj edə bilər”, - V.Əsədov bildirib.

Bu, mənə məzəli bir fikri xatırlatdı: “Qadın hər üç güzgünün onu göstərdiyi vaxt özünü əmin hiss edir...”

Qanun qarşısında hamı bərabərdir

V.Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda 1 milyon 400 mindən çox sürücü var ki, onların 40 mindən çoxu qadındır.

“Əlbəttə, qayda pozuntusu kişilərdə daha çoxdur. Kişi sürücülərin say üstünlüklərinə baxmayaraq, yol-hərəkət qaydalarının pozuntuları ilə bağlı protokolları analiz edən zaman qadın sürücülərə də az rast gəlinmir. Əsas qayda pozuntuları – telefondan istifadə, dayanma və durma qaydalarının pozulması, sürət həddinin aşılması və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsidir”, - polis polkovniki əlavə edib.

Qeyd etmək lazımdır ki, söhbət zamanı bir faktı dəqiqləşdirə bildik: gün ərzində təhlükəsizlik kəmərindən istifadə qaydalarının qadınlar tərəfindən pozulması aşkar edilməyib.

“Kişilərdə bu məsələ daha çətindir. Demək olar ki, hər gün bu səbəbdən onlarla protokol yazılır”, - V.Əsədov bildirib.

oxu