BP Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına həsr edilmiş kitabı təqdim edib

11 May 11:44 Energetika
Bu gün "BP Azerbaijan" şirkəti Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat kitabını ictimaiyyətə tədqim edib.

"Kommersant.Az" xəbər verir ki, "Cümhuriyyətin qurucuları" adlı kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.

Rəsmi Qəbullar Sarayında keçirilən kitabın təqdimatında çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu kitab Azərbayan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin hədiyyəsidir: "BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib.Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir. Azərbaycanın uzunmüddətli və etibarlı tərədaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".

Onun sözlərinə görə, bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb.

"BP Azerbaijan" şirkəti həmçinin Azərbaycan Demokratik Respublikasının son gününü və faciəvi süqutunu təsvir edən "Sonuncu iclas" adlı sənədli filmin də sponsorudur.