Dövlət Agentliyi: Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq

3 İyun 14:15 Hadisə
Xəbər verildiyi kimi, ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.

Uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib. Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.

"Kommersant.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq.