Avronu bahalaşdıran xəbər

7 İyun 10:52 Birja
Avro Dollar qarşısında bahalaşaraq yenidən 1.18 səviyyəsinə yaxınlaşıb.

"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) gələn həftəki toplantısında istiqraz alışı proqramını nə vaxt başa çatdırmağı müzakirə edəcəyi barədə xəbər Avronun bahalaşmasına səbəb olub.

AMB-nin Baş iqtisadçısı Piter Praet, "Gələn həftə istiqraz alışlarının nə vaxt başa çatdırılacağı müzakirə ediləcək",- deyib. Praetin bu açıqlaması Avronu dəstəkləyib.

Almaniya Mərkəzi Bankının sədri Jens Weidmann da "Mərkəzi Bankın bu il istiqraz alışlarını sona çatdırması ağlabatan görünür",- deyib.

Weidmann, bir müddətdir bazar iştirakçılarının 2018-ci il başa çatmadan monetar təşviqin bitməsini gözlədiyini vurğulayıb.

Bu dəqiqələrdə Avro/Dollar məzənnəsi 1.1791 səviyyəsindədir.

Avropa Mərkəzi Bankı hər ay 30 milyard avroluq istiqraz alaraq dövriyyəyə likvidlik təmin edir. İstiqraz alışlarının başa çatdırılması pul siyasətinin sərtləşdirilməsi deməkdir. Növbəti addım Avropa Mərkəzi bankının faizləri qaldırması ola bilər.