IFC-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru dəyişib

10 May 19:04 Maliyyə
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Avropa və Mərkəzi Asiya regionu üzrə yeni direktor təyin edib

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 28 ölkəni və investisiya üzrə 10 milyard ABŞ dollarından artıq portfeli və 89 məsləhət layihəsini əhatə edən Avropa və Mərkəzi Asiya regionu üzrə yeni direktor təyin edib.

"Kommersant.Az" IFC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Vibke Şlomer (Wiebke Schloemer) 1 may 2018-ci il tarixindən etibarən direktor Tomas Telmanı əvəz edib. IFC-nin keçmiş regional infrastruktur rəhbəri Vyanada fəaliyyət göstərəcək və Türkiyə, Ukrayna, Gürcüstan, Serbiya, Qazaxıstan, Polşa, Rusiya və digər ölkələrin daxil olduğu regiona rəhbərlik edəcək və ildə 3 milyard ABŞ dollarından artıq yeni investisiyalara məsuliyyət daşıyan 420 peşəkardan ibarət qrupu idarə edəcək.

Vibke Şlomer layihə və korporativ maliyyələşdirmə sahəsində və energetika, nəqliyyat, telekommunikasiya və texnologiya sektorları daxil olmaqla geniş diapazonlu sənaye sahələri boyu birbaşa investisiya yatırımı üzrə 20 ildən artıq təcrübəyə malikdir. Təyin edilməzdən qabaq o Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika boyu 5,5 milyard ABŞ dollarından artıq investisiyaları idarə edərək IFC-nin infrastruktur investisiyalarına rəhbərlik edib.

“Bu, enerji və resursların səmərəliliyi məsələləri üzrə məsləhət xidmətlərindən tutmuş “yaşıl” istiqrazlara qədər, və IFC-nin ilk iqlimə uyğunlaşma layihəsindən tutmuş IFC-nin şəhərləri təşəbbüsünə qədər sahələri əhatə edən və özəl şirkətlərə inkişaf etməkdə və regional iqtisadi artıma töhfə verməkdə yardım edən bir çox yeni məhsul və təşəbbüsləri tətbiq edən regiondur” – o söyləmişdir. "Nəticələr mükəmməl olsa da, problemlər qalmaqdadır. Regiondakı rolumuzu, infrastrukturun yaxşılaşdırılması, aqrobiznesin effektivliyinin artırılması, istehsalda iqlimə uyğun yeniliklərin dəstəklənməsi və yerli kapital bazarlarının gücləndirilməsinə ehtiyac duyan sifarişçi ölkələrimizə özəl sektorla bağlı həlli yollarının təqdim edilməsində görürəm".

Vibke Şlomer IFC-yə 2004-cü ildə Vaşinqtonda yerləşən telekommunikasiya, media və texnologiya (TMT) qrupunda investisiya əməkdaşı kimi qoşulmuşdur. Onun sonrakı regional təcrübəsi Avropa və Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, Şərqi Asiya və Sakit okean regionunu əhatə edir.

IFC-yə qoşulmazdan əvvəl Vibke Şlomer Lüksemburqdakı Avropa İnvestisiya Bankında və DEG-də, Almaniya İnvestisiya Korporasiyasında çalışmış, Afrika, Asiya və Şərqi Avropada infrastruktur borcları və kapital əməliyyatları üzərində işləyib.