“Azərenerji” işinin öhdəsindən gələ bilmədi: - Ölkədə enerji böhranı yaşanır

17.01.2019 Sənaye
"Azərenerji” ASC hava şəraitinin pisləşməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçməklə bağlı "hay-küylü” açıqlama ilə çıxış etsə də, işinin öhdəsindən gələ bilməyib.

Xatırladaq ki, dünən ASC-dən verilən məlumatda bildirilirdi ki, "hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq "Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib”.
Məlumatda bildirilirdi ki, gücləndirilmiş xüsusi iş rejiminin məqsədi fasiləsiz enerji təchizatının təmin olunması və baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasıdır.

Gün ərzində sosial şəbəkələrdə yayılan məlumatlara əsasən deyə bilərik ki, Bakının müxtəlif ərazilərində və bölgələrdə elektrik enerjisinin təchizatında böhran yaşanıb.

Bir müddət əvvəl isə redaksiyamıza daxil olan məlumata görə, Biləcəri qəsəbəsinin də böyük bir hissəsi işıqsız qalıb, amma ərazidə qəza xidməti gözə dəymir.

Ümumi mənzərəyə əsasən demək olar ki, "Azərenerji” əslində hava şəraiti ilə bağlı heç bir əlavə hazırlıq tədbiri görməyib.