"Gəlir vergisi ilə bağlı inqilabi dəyişiklik gözlənilir"

24 Oktyabr 14:49 Sığorta
Məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı islahat aparılacaq.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində əksini tapan məlumata görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

İslahat, işəgötürənin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının azalmasına səbəb olacaqmı?

Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, son nəticədə Dövlət Sosial Müdafiə Fonduna eyni məbləğ 25% gəlir daxil olacaq:

"İslahatlar "kölgə iqtisadiyyatı" ilə mübarizə məqsədi ilə aparılacaq. Hazırda işçi öz əmək haqqından 3%, işəgötürən isə 22% məcburi dövlət sosial sığorta haqqı ödəyir. İslahat nəticəsində isə Fonda daxil olacaq 25%-in 10%-i işçidən, 15%-i isə işəgötürəndən tutulacaq. Məsələn, əmək haqqım 1000 manatdırsa, həmin məbləğin 3%-ni (30 manat) məndən çıxırlar. Mən əlimə 970 manat alıram, işəgötürəndən isə bundan əlavə 220 manat da çıxılır. Yeni qaydalara əsasən isə 1000 manatdan 100 manat çıxacaqlar, işəgötürən də əlavə olaraq 150 manat ödəyəcək. Gəlir vergisi ilə bağlı inqilabi dəyişiklik gözlənilir".