32 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

8 Avqust 14:36 SOSial
Qapısı açıq şəkildə idarə edilən avtobuslarla bağlı mətbuatda silsilə yazılar getsə də, videolar paylaşılsa da, problem hələ ki, həllini tapmayıb.

Təqdim edəcəyimiz görüntülər bu gün səhər saatlarında 28 maydan 8-ci kilometr bazarının yuxarı hissəsinədək hərəkətdə olan 32 nömrəli avtobusda qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, günün pik saatlarında sərnişinlərlə dolu marşruta minənlər durmağa yer tapmadığından avtobusdan sallaşaraq gedir.

Sözügedən xəttin Bakı Nəqliyyat Agentliyinə (BNA) tabe olduğunu nəzərə alaraq qurumla əlaqə saxladıq.

Qurumun sözçüsü Mais Ağayev bildirdi ki, bu cür qayda pozuntusuna yol verən sürücülərə qarşı inzibati tədbir görülməsi BNA-ya aid məsələ deyil:

"Açıq qapı məsələsi Bakı Nəqliyyat Agentliyini (BNA) də ciddi narahat edir. Bununla bağlı hər dəfə daşıyıcılara xəbərdarlıqlar edilir ki, oxşar hallar təkrarlanmasın".

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə məsələ ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirdi ki, avtomobillərin qapısı açıq vəziyyətdə idarə edilməsi inzibati xəta tərkibi yaradır:

"Ərazidə xidmət aparan yol polisi əməkdaşı bunu görərkən dərhal saxlayır, sənədləşdirir. Həmin vaxt polis əməkdaşı başqa istiqamətdə xidmət aparsa belə, bu o demək deyil ki, sürücü cəzasız qalacaq. Əgər adı çəkilən avtobus həqiqətən də qapıları açıq şəkildə hərəkət edibsə, avtomatik olaraq həmin avtobus sürücüsü barəsində elektron protokol tərtib olunacaq. Həmin avtobusun özündə yəqin kamera olmadığından sürücü çox güman ki, vəziyyətdən istifadə edib. Sərnişinlər də məsələ ilə bağlı məsuliyyətli olmalıdır".

Həmin video görüntüləri təqdim edirik: