USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İnflyasiya səviyyəsi 30%-ə çata bilər" - EKSPERT RƏYİ

03.10.2018 İqtisadiyyat
0 0
Türkiyədə illik inflyasiya 25%-ə yaxınlaşıb.

"Kommersant.az" xəbər verir ki, sentyabrda inflyasiya avqustla müqayisədə 6,30%, ötən ilin eyni ayına nisbətdə isə 24,52% artıb. Daxili istehsalatda qiymət indeksi aylıq 10,88% artım gerçəkləşdirib. Ötən ayla müqayisədə pərakəndə satışlarda 4,04%, topdan satışlarda isə 6,47% artım müşahidə olunur. Xatırladaq ki, inflyasiya artımına paralel olaraq, Türkiyədə işıq və qazın qiyməti üçüncü dəfə qaldırılıb. Belə ki, elektrik mənzillərdə 9%, sənaye sahəsində 18,6%, ticarət müəssisələrində isə 18% artırılıb.Təbii qaza olunan qiymət artımı isə mənzillər üzrə 9%, sənayədə 18,5% səviyyəsində müşahidə olunub. Bu isə 4 nəfərlik ailənin aylıq elektrik xərcinin təqribən 37 manata qalxması deməkdir.

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Türkiyədə illik inflyasiyanın 25%-ə çatacağı gözlənilmirdi:

"Türkiyədə inflyasiyanın çox yüksək göstəriciləri olub. 90-cı illərdə hiperinflyasiya belə qeydə alınıb. Son 10 ildə Türkiyədə inflyasiya hökuməti qane edəcək səviyyədə - 8-12% ətrafında idi. 2018-ci ilin sonuna kimi inflyasiya səviyyəsi maksimum 30%-ə çata bilər. Türkiyədə uzun müddətdir ki, "faiz inflyasiya yaradır, yoxsa inflyasiya faiz yaradır?" mövzusu müzakirə olunur. Ölkədə inflyasiya yüksəkdir və faiz də ondan asılı olaraq yüksəlməyə başlayır. İdxala bağlı olan ölkələrdə valyutanın dəyər itkisi avtomatik olaraq inflyasiya yaradır. Türkiyədə kifayət qədər istehsal olsa da, sənayedə istifadə olunan yarımfabrikat məhsulların əksəriyyəti Avropa ölkələrindən idxal olunur. Ölkə valyutasının dəyər itirməsi daxildə istehsal olunan məhsulların əsas hissəsinin qiymətlərinin artmasına səbəb olur. Cəmiyyətdə yerli istehsal olan məhsulların üzərinə etiket yapışdırılaraq, "bu yerli maldır və onun qiymətində çox dəyişiklik olmaz" kimi rəy yaratmağa çalışırlar. Fikrimcə, bu, doğru yanaşma deyil. Lirənin dəyər itirməsi istər idxal olunan məhsulların dəyərinə, istərsə də yerli malların qiymətinin qalxmasına səbəb olur. İstehsalın maya dəyəri yüksəldikcə, avtomatik şəkildə bazardakı mal və xidmətlərin qiymətinə təsir göstərir".

İqtisadçı Türkiyədə kommunal xidmətlərin qiymətinin artırılmasına da münasibət bildirib:

"Türkiyə enerji idxalına bağlı ölkədir. Büdcənin doldurulmasının böyük bir hissəsi neft və neft məhsullarından alınan əlavə dəyər və aksiz vergisi hesabına formalaşır. Dövlət büdcəyə daxilolmaları artırmaq üçün idxaldan asılı olan mal və məhsulların qiymətini qaldırır".

Ekspert vurğulayıb ki,Türkiyə milli valyutasının məzənnəsinin dollara nisbətdə dalğalanması siyasi riskə bağlı idi:

"Hazırda siyasi riskin azalması fonunda nisbi stabillik hökm sürür. Tədiyyə balansındakı kəsir xeyli azalıb".