Bu çimərliklərdə çimmək olmaz!

1 İyun 11:52 Sosial
Bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliyində dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün qeyd edilən çimərliklərdən istifadə etmək məqsədəuyğun olmayacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb: "Xəzər dənizində aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadə üçün yararlıdır".

Hazırda ETSN tərəfindən Xəzər dənizi zolağında və çimərlik ərazilərində monitorinqlər davam etdirilir.