Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndi içməli su ilə təmin olunub

01.06.2018 Sosial
"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində icra olunan layihə yekunlaşıb.

"Kommersant.Az" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, kəndə içməli suyun verilməsi münasibətilə təşkil olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev çıxış edərək regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində rayonda icra olunan layihələrdən danışıb.

“Azərsu”yun sədr müavini Seymur Seyidov ötən il Göyçay rayonunun 14 kəndində içməli su layihələrinin icra olunduğunu xatırladaraq 40 minədək sakinin su probleminin həll edildiyini bildirib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, bu il 13 rayonun 33 kəndində içməli su layihəsi icra olunacaq. Artıq kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və ilk layihə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində yekunlaşıb.

Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində su təchizatı sistemləri mövcud olmayıb. Kənd əhalisi uzun illər arx sularını duruldaraq istifadə edib. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay şəhərinin su və kanalizasiya infrastrukturunun yenidən qurulması ətraf kəndlərin də içməli su təminatı üçün imkanlar yaradıb. İkinci Ərəbcəbirli kəndi Göyçay şəhərinə yaxın məsafədə yerləşdiyindən kəndə içməli suyun şəhər şəbəkəsindən verilməsi qərara alınıb.

İcrasına 2018-ci ilin aprel ayında başlanılmış layihə çərçivəsində Göyçay şəhərindən İkinci Ərəbcəbirli kəndinə 2 km uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində 5 km paylayıcı su şəbəkəsi yaradılıb, əhalinin ümumi istifadəsi üçün 33 ədəd bulaq quraşdırılıb. Tikinti-quraşdırma işləri qısa müddətdə başa çatdırılıb və icra olunan layihədən 1 500-ə qədər sakin faydalanıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq.

2018-ci ildə “Azərsu” tərəfindən dövlət investisiya layihələri də daxil olmaqla əhalisinin ümumi sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamı çərçivəsində 2017-ci ildə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 min nəfər faydalanıb.