Fövqəladə Hallar Nazirliyi Akademiyasının 10 illiyinə həsr olunan mərasim keçirilib

4 İyun 21:32 Sosial
İyunun 4-də Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının yaradılmasının 10 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.

FHN-dən "Kommersant"a bildiriblər ki, mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov, Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini, general-mayor Aleksandr Xudaleyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi, general-mayor Viktor Pançenkov və Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

FHN Akademiyasında keçirilən tədbirin iştirakçıları ali təhsil müəssisəsinin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə də gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Akademiyanın tarixini əks etdirən guşələrlə və Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Mərasim Akademiyanın əsas sıra meydanında məzun və kursantların iştirakı ilə təntənəli keçidlə davam etdirilib. Təntənəli keçiddən əvvəl FHN Akademiyasının məzunu baş leytenant Fuad Mirqulamlı Akademiya rəhbərliyini məzunlar adından təbrik edib, xatirə hədiyyəsi bağışlayıb.

Sonra təntənəli keçid olub.

Akademiyanın akt zalında davam edən mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov “Akademiyamız 10 ildə” mövzusunda məruzə ilə çıxış edərək ali təhsil ocağının yaradılması tarixindən və fəaliyyətindən, əldə edilmiş nailiyyətlərdən danışıb.

Akademiyanın “Yanğın təhlükəsizliyi” fakültəsinin birinci kurs kursantı Ülvi Şəkizadə çıxış edərək bu ali təhsil ocağında kursantlar üçün yaradılmış hərtərəfli şəraitə görə Fövqəladə Hallar Nazirliyinin, eyni zamanda, təhsil ocağının rəhbərliyinə minnətdarlığını bildirib.

BMT-nin fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito insanların təhlükəsiz dünyada yaşamasının vacibliyini diqqətə çatdıraraq, bu çətin və məsuliyyətli işdə xilasedicilərin üzərinə çox böyük yük düşdüyünü bildirib. O, Azərbaycanın müvafiq qurumlarının təbii və texnogen xarakterli risklərin azaldılması və qarşısının alınması istiqamətində gördükləri işlərin qənaətbəxş olduğunu vurğulayıb, FHN tərəfindən peşəkar kadrların hazırlanmasını, yüksək səviyyəli beynəlxalq əməkdaşlığın qurulmasını təqdir edib. Azərbaycanın fəlakətlərin azaldılması sahəsindəki təcrübəsindən istifadənin zəruriliyini diqqətə çatdıran P.Albrito Akademiyanın rəhbərliyini təbrik edib, uğurlar arzulayıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov FHN Akademiyasına uğurlar arzulayaraq, bu ali təhsil ocağında yetişdirilən peşəkar kadrların mülki müdafiə işinin təşkili, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli xidmət göstərəcəklərinə əmin olduğunu bildirib.

Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini, general-mayor Aleksandr Xudaleyev və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi, general-mayor Viktor Pançenkov təmsil etdikləri qurumların rəhbərlərinin təbrik məktublarını səsləndirərək uğurlar arzulayıblar.

Mərasimdə, həmçinin Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təhsil naziri Ceyhun Bayramovun təbrik məktubunu oxuyub.

Təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, elm və təhsili prioritet sahə kimi müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəqqiyə gedən uğurlu yolun və ölkənin parlaq gələcəyinin məhz bu sahənin inkişafına bağlı olduğunu yaxşı bilir və daim diqqətdə saxlayırdı. Ümummilli Liderin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə, eyni zamanda, 1993-cü ildən sonra respublikamızda müxtəlif səpkili yüksək səviyyəli təhsil müəssisələri yaradılıb və inkişaf etdirilib. Bundan əlavə, gənclər təhsil almaq üçün respublikadan kənara - dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərilib.

Nazir qeyd edib ki, məhz dahi şəxsiyyətin hakimiyyəti illərində təhsil almış yüksək ixtisaslı peşəkar kadrlar bu gün dövlət idarəçiliyində, cəmiyyətin müxtəlif sahələrində mühüm vəzifələri icra edərək ölkəmizin çiçəklənməsi, xalqımızın rifahı naminə fəaliyyət göstərirlər. Elm və təhsil sahəsi Ümummilli Liderin müdrik siyasətinin alternativsiz davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin başçısı, eyni zamanda, əhalinin təhlükəsizliyini dövlət idarəçiliyi siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən edib. Prezident İlham Əliyevin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması da Azərbaycanda vətəndaşların yüksək səviyyədə təhsil almasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən diqqət qayğıya parlaq nümunədir.

Kəmaləddin Heydərov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı həmin Sərəncamla nazirlik üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə FHN Akademiyası yaradılıb. Ötən müddətdə Akademiyanın maddi-texniki və metodiki bazası möhkəmləndirilib, tədrisin təşkili Avropa Kredit Sisteminin tələblərinə uyğun qurulub, müasir tipli universitet şəhərciyi salınıb, beynəlxalq tələblərə cavab verən təhsil infrastrukturu yaradılaraq ən son avadanlıqlarla təchiz edilib. 2013-cü il dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, dəyərli tövsiyələrini verib.

Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə elm və təhsil sahələrinə göstərdiyi diqqət və qayğıdan da ətraflı söz açıb.

Çıxışının sonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərov əminliklə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini daim rəhbər tutan FHN əməkdaşları, o cümlədən Akademiyanın şəxsi heyəti və kursantları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsindən ötrü bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.

Çıxışdan sonra Akademiyanın yaradılmasının 10 illiyinə həsr edilmiş film nümayiş olunub.

Sonra xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə, yüksək peşə ustalıqlarına və ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştiraklarına görə bir qrup şəxsin təltif olunması barədə fövqəladə hallar nazirinin əmri oxunub.

Mərasimin sonunda tədbir iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatının fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi reqlamenti imzalanıb. Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov imzalayıblar.