Vəkilliyə namizədlərin təlimlərinə start verilib

04.06.2018 Sosial
Ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdə, bu məqsədlə tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

"Kommersant" xəbər verir ki, ixtisas imtahanlarında müvəffəqiyyət qazanmış növbəti 89 nəfər vəkilliyə namizədin cəlb olunduğu icbari təlim artıq başa çatıb

Yaxın günlərdə həmin namizədlərin peşəyə buraxılması ilə bağlı andiçmə mərasiminin keçirilməsi gözlənilir.

Bu gün Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 82 nəfər vəkilliyə namizədlə üç həftəyədək davam edəcək icbari təlimə başlanılmışdır.

Təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqları, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu mütəxəssislərin iştirakı ilə tədris olunacaqdır.

İyun ayının 4-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış etmiş, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmunu barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulamışdır.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib.

Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb.

Sədr eyni zamanda vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulamışdır.

Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilmiş, vəkillik etikası ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılmışdır.

  • Əvvəlki

    Fövqəladə Hallar Nazirliyi Akademiyasının 10 illiyinə həsr olunan mərasim keçirilib

Digər xəbərlər