Dövlət Miqrasiya Xidmətində yeni yaradılmış dil laboratoriyasının açılışı olub

05.06.2018 Sosial
İyunun 4-də Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında Xidmət əməkdaşlarının dil biliklərinin yüksəldilməsi məqsədilə dil laboratoriyasının açılışı olub.

DMX-dən "Kommersant"a bildiriblər ki, açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, Avropa İttifaqının, BP-nin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı (BMqT) nümayəndəliklərinin yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.

DMX-nin rəisi Vüsal Hüseynov Xidmətdə dil laboratoriyasının yaradılmasının əhəmiyyətini, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyin artırılmasında rolunu qeyd edib. Layihəyə dəstək verən tərəfdaşlara təşəkkür edən Xidmət rəisi bildirib ki, dil laboratoriyası “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin müvafiq bəndinə əsasən “Linqvistika laboratoriyasının yaradılması” fəaliyyəti çərçivəsində həyata keçirilən komponentdir.

V.Hüseynov əlavə edib ki, ölkəmizdə miqrasiya proseslərinin idarə olunması üçün səmərəli mexanizmlər yaradılır və inkişaf etdirilir. Xidmətdə müasir innovasiyaların tətbiqinin əsas məqsədi əməkdaşların bilik və bacarıqlarının, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xidmət istifadəçilərinin məmnunluğunun artırılmasıdır. Dil laboratoriyası o qədər də böyük olmasa da elmlə, biliklə bağlı olduğuna görə xüsusi əhəmiyyət daşıyır və davamlılığını saxlayacaq. Bu təhsilə qoyulan investisiyadır və DMX bu mərkəzin fəaliyyətinin gücləndirilməsində maraqlıdır.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dil laboratoriyasının açılışını praqmatik tədbir adlandırıb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tam təchizatlı müasir ingilis dili linqafon kabinetinin qurulmasını Azərbaycan Hökumətinin miqrasiya strategiyasının həyata keçirilməsinə verdiyi yüksək dəstək kimi qiymətləndirib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan missiyasının rəhbəri əvəzi Randall B.Olson və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin bölmə rəisi xanım Meltem Ersan miqrasiyanın qlobal fenomen olduğunu və bu baxımdan ingilis dili bacarıqlarının inkişaf etdirilməsi üçün laboratoriyanın əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonra dil laboratoriyasının rəmzi açılışını bildirən lent kəsilib. Mərasim iştirakçıları laboratoriyanın fəaliyyəti ilə tanış olublar.

Dil laboratoriyası bir müəllim və 15 dinləyici üçün nəzərdə tutulan kompüter dəsti, proyektor və digər zəruri avadanlıqla təchiz olunub.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi (CMBA)” layihəsinin icrasına 2014-cü ildən başlanılıb. Layihə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə Avropa İttifaqının (Aİ) əsas, BP və onun tərəfdaşlarının, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və DMX-nin müştərək maliyyə dəstəyi ilə həyata keçirilir.