Şən və Hazırcavablar Klubu respublika çempionatının qalibləri müəyyənləşib

5 İyun 22:03 Sosial
“Azərbaycan Şən və Hazırcavablar” Klubunun “Yunior Liqa” şən və hazırcavablar klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib.

Təhsil Nazirliyindən "Kommersant"-a bildiriblər ki, bu qurum ilə “Azərbaycan Şən və Hazırcavablar” Klubunun birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin müvafiq istiqamətdə yaradıcı potensialını aşkara çıxarmaqdır.

Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.

Finala doqquz komanda vəsiqə qazana bilib. Komandaların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarışmanın nəticəsinə əsasən, “Yunior Liqa”nın 2017-2018-ci ilin mövsümünün çempionu adına “Ataların qızları” (“Papinı doçki”) komandası layiq görülüb. İkinci yeri “6 nömrəli məktəbin yığması” komandası, üçüncü yeri isə Dağıstan Respublikasını təmsil edən “Dağların uşaqları” (“Deti qor”) komandası tutub.