“Lotereyada Maldivə səyahət qazanmaq bir təqaüdçü üçün ən gözəl hədiyyədir”

6 İyun 16:29 Sosial
Azərbaycan Beynəlxalq Bankının martın 15-dən aprelin 30-a qədər keçirdiyi “Yüzdən biri ol” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının qaliblərinə hədiyyələr təqdim olunub. Lotereyanın əsas qalibi Bakı sakini Xədicə Məmmədovadır. O, Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüdür və indi doğma bankından Maldiv adalarına 2 nəfərlik hədiyyə qazanıb. Lotereyanın qalibini biz də tanıyaq:

- Xədicə xanım, təqaüdə çıxana qədər harada işləmisiniz?

- Mən ixtisasca tibb bacısıyam. Əvvəl doğum evində, sonra arxivdə işləmişəm. 51 yaşımdan təqaüdə çıxmışam, elə o vaxtdan da təqaüdümü Azərbaycan Beynəlxalq Bankından alıram. Bir oğlum, iki qızım var. Oğlum ailəlidir, iki övladı var, bir qızım ailəlidir, onun da üç övladı var. Bir qızımsa subaydır. Hazırda qızımla birgə yaşayıram.

- Haradan bildiniz ki, Azərbaycan Beynəlxalq Bankı belə bir lotereya kampaniyası keçirir?

- Mən bankın “Səbail” filialından kredit almışdım. Krediti alanda əməliyyatçı lotereya ilə bağlı məlumat vermişdi. Bir də televizorda səsimi eşidəndə onun dediklərini xatırladım və bildim ki, lotereyada udmuşam.

- Qalib olmanız barədə xəbəri necə eşitdiniz?

- Mayın 15-də axşam evdə idim. Ev telefonunda qonşu ilə söhbət edirdim. Mobil telefonuma zəng gələndə qızım götürdü. Fikir vermədim, dedim, yəqin qohumlardan kimdirsə, zəng edib. Birdən gördüm, qızımın sifəti dəyişdi, dedi ana, səni soruşurlar, gör kimdir?! Mən də telefonu götürdüm. Dedilər xanım, sizi təbrik edirik. Siz Azərbaycan Beynəlxalq Bankının keçirdiyi lotereyada qalib olmusunuz. Əvvəl elə bildim aldadırlar, inanmadım ki, necə yəni?! Dedilər, bəli, istəyirsiniz, “Xəzər” kanalına baxın, canlı yayım gedir. Televizoru açdım, çevirdim “Xəzər”ə, bir də televizordan öz səsimi eşidəndən sonra daha şəkki-şübhəm qalmadı.

- Çox sevindiniz yəqin?

- Sevincimin həddi-hüdudu yox idi. Gözlərimə inana bilmirdim. Şad oldum. Mayın 8-də ad günüm idi. Azərbaycan Beynəlxalq Bankıcəmi bir həftə sonra ad günümə çox gözəl bir hədiyyə etdi.

- Heç buna qədər lotereyada nə isə udmuşdunuz?

- Yox, heç vaxt. Həyatımda ilk dəfə idi ki, lotereyada nə isə udurdum. Həyatda hədiyyələrim çox olub. Amma bunları mərhum həyat yoldaşım alıb, sonra övladlarım ad günlərimdə, bayramlarda hədiyyələr veriblər, hədiyyələrlə sevindiriblər. Azərbaycan Beynəlxalq Bankının bu hədiyyəsi isə gözlənilməz oldu və mənə o qədər gözəl təsir etdi ki, özümü çox xoşbəxt sandım. Lotereyada Maldiv adalarına səyahət qazanmaq bir təqaüdçü üçün ən gözəl hədiyyədir.

- Nə qədər uduş şansınız vardı?

- Mən 2000 manat kredit almışdım. Sonra bankda izah elədilər ki, kreditin hər 500 manatına görə bir şans qazanmışammış. Lotereyada ümumən 406 min 159 uduş şansı yaranıbmış. Mənimsə cəmi 4 şansım olub. Elə onunla da hədiyyəni qazandım. Bu, bir qismətdir.

- Özünüzü şanslı insan sayırsınız?

- Bəli, özümü həmişə şanslı saymışam. Çox gözəl övladlarım var. Onlar layiqli, xeyirli övlad oldular. Allahımdan yerlə-göy qədər razıyam ki, mənə həyatım boyu gözəl şanslar nəsib edib. Bir şans da bu lotereyadakı hədiyyəm oldu. Balalarımın xoşbəxtliyi mənim üçün böyük xoşbəxtlikdir. Bu hədiyyə isə mənim özümü çox sevindirdi.

- Xarici ölkələrdə səyahətdə olmusunuz?

- Bəli, olmuşam. Türkiyədə, Gürcüstanda, sovet vaxtı Moskvada olmuşam.

- Buna qədər Maldiv adaları haqqında təsəvvürünüz vardı?

- Hədiyyəni udandan sonra qızım internetdə açıb göstərdi, baxdım. Çox xoşum gəldi ki, belə bir yeri görə biləcəyəm. Azərbaycan Beynəlxalq Bankına təşəkkürümü bildirirəm ki, bu imkanı yaratdı və belə bir şansı Allah mənə qismət elədi. Çox şükür Allahın böyüklüyünə.

- Lotereyada qalib olduğunuzu eşidən qohum-qonşu nə dedi?

- Kim eşidir, sevinir. Deyirlər sən bu hədiyyəyə layiq insansan.

- Əvvəllər inanırdınız ki, kimsə lotereyada qalib ola bilər?

- Dəfələrlə belə şeylər eşitmişəm, amma düzü, tam inanmağım gəlməyib ki, doğrudanmı belə bir şey ola bilər? Amma indi görürəm, həqiqətən doğru imiş. İnsanın qismətində varsa, o gəlib qapısına çıxacaq.

- Səyahət paketi iki nəfərlikdir. Maldiv adalarına kiminlə gedəcəksiniz?

- İstəyirdim kiçik qızımla gedəm, amma uşaqları körpədir. Bir az ehtiyat elədik, birdən uşaqların səhhətinə ziyan olar. Ona görə qərara gəldik ki, böyük qızımla gedək.

- Bankın gələcək kampaniyalarında da iştirak edəcəksiniz?

- İnşallah ki, həvəslə iştirak edəcəyəm. Dəfələrlə bu bankdan kredit götürmüşəm, təqaüdümü oradan alıram. Amma indi bu banka daha ürəklə gedəcəyəm. Bu lotereya məsələsindən sonra elə bilirəm ki, Azərbaycan Beynəlxalq Bankında ən doğma adamlarım işləyir. Banka minnətdarlığımı bildirirəm, uğurlar arzulayıram, bu cür kampaniyalar yenə də davam etsin.