Tbilisi prospektində hərəkət zolaqları artırılacaq, yeni svetoforlar quraşdırılacaq

02.07.2018 Sosial
Bakı Nəqliyyat Agentliyi bu yay paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirəcək.

"Kommersant"ın xəbərinə görə, agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, yay mövsümündə adətən şəhər yollarında nəqliyyatın axınında intensivliyin az olacağını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili ilə irimiqyaslı layihələrin reallaşdırılmasına başlayacaq: “Layihələr hazırlanarkən küçə və prospektlər müfəssəl təhlil edilib, nəqliyyat axınına maneə yaradan məqamlar müəyyən edilərək onların aradan qaldırılması ilə bağlı optimal həll yolları irəli sürülüb”.

Onun sözlərinə görə, icrası nəzərdə tutulan layihələrdən biri “YOL1” layihəsidir: “YOL” (Yolların Optimallaşdırılması Layihəsi) layihələrinin icrası Bakı şəhərində tıxacların aradan qaldırılması və sərnişin axınının azalması baxımından mühüm əhəmiyyət kəsb edir: “Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri paytaxtın ən çox yüklənən və problemli yollarında hərəkətin daha optimal təşkili ilə bağlı bir neçə belə layihə (YOL1, YOL2, YOL3 və.s.) hazırlayıb”.

M.Ağayev deyib ki, “YOL1” layihəsi Tbilisi prospekti ilə akademik Həsən Əliyev və Şəfayət Mehdiyevin küçələrinin kəsişmələrində tez-tez rast gəlinən nöqsanların aradan qaldırılmasına hesablanıb: “Layihə çərçivəsində qeyd edilən ərazidə avtobus dayanacaqlarının yerini dəyişdirmək, Tbilisi prospektinin hər iki istiqamətində hərəkət zolaqlarının artırılması, yeni svetoforların quraşdırılması, yanlış yerlərdə yerləşən piyada keçidinin aradan qaldırılması nəzərdə tutulub”.