USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ticarət sektorunda biznes kiçilib

21.11.2018 İqtisadiyyat
0 0
Ölkənin biznes mühitinin qiymətləndirilməsi aparılıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanın 6 iqtisadi rayonunu və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 nəfər sahibkar arasında ölkədə biznes mühitinin qiymətləndirilməsi ilə bağlı sorğu təşkil edilib. "Vergilər" qəzetinin xüsusi buraxılışında qeyd olunur ki, sorğuda rəyi soruşulanların 41%-i, paytaxt da daxil olmaqla, Abşeron iqtisadi rayonunda, 20,8%-i Aran, 13,7%-i Quba-Xaçmaz, 9,5%-i Yuxarı Qarabağ, 9%-i Şəki-Zaqatala, 6%-i isə Lənkəran iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar olub. Sorğuya cəlb edilən sahibkarların 29,5%-i sənaye, 23,9%-i kənd təsərrüfatı, 20,5%-i xidmət, 21,6%-i ticarət sektorunda çalışırlar. Respondentlər arasında tikinti sektorunu (2,3%) təmsil edən sahibkarlar da yer alıb. Xidmət sektorunu təmsil edən sahibkarların 15,4%-i təhsil, 11,5%-i turizm, 7,7%-i ictimai iaşə üzrə ixtisaslaşıb.

Ötən bir ildə bizneslərinin vəziyyəti ilə bağlı suala cavablarında respondentlərin 46,6%-i biznesin genişləndiyini, 18,2%-i kiçildiyini, 35,2%-i isə dəyişiklik olmadığını qeyd edib. Sektorlar üzrə təhlil göstərir ki, daha çox tikinti sektorunda (100%) biznes genişlənib. Kənd təsərrüfatı sektorunda çalışanların yarıdan çoxu (52,5%), xidmət sektorunun isə 46,2%-i vəziyyətin müsbətə doğru dəyişdiyini bildiriblər. Sənaye (38,9%) və ticarət sektorunun (36,8%) təmsilçilərinin təxminən 1/3-i bu fikirləri bölüşüblər.

Digər sektorlarla müqayisədə biznesin kiçilməsini daha çox ticarət (26,3%) sektoru qeyd edib. Xidmət sektorunun 19,2%-i, sənayenin 16,7%-i, kənd təsərrüfatının 14,3%-i ötən il ərzində bizneslərinin kiçildiyini iddia ediblər.

Sorğunun regional təhlili göstərir ki, ötən il ən yaxşı biznes göstəricisi Yuxarı Qarabağ iqtisadi rayonunda olub. Bu regionu təmsil edən sahibkarların 66,7%-i biznesin genişləndiyini qeyd edib. Abşeron iqtisadi rayonu üzrə respondentlərin 52,5%-i bu mövqeni bölüşüblər. Quba-Xaçmaz və Aran iqtisadi regionu təmsilçilərinin təxminən 30%-i biznesin genişləndiyini bildirib. Sorğuya əsasən, Zaqatala-Şəki təmsilçilərinin 42,9%-i biznesini genişləndirməyə nail olublar.

Biznesin kiçilməsi daha çox Aran (29,4%) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonunda çalışan hər beşinci respondent biznesinin kiçildiyini bildirib. Yuxarı Qarabağ, Zaqatala-Şəki (14,3%) və Quba-Xaçmaz regionlarının respon­dentlərinin cavablarından aydın olur ki, bu regionları təmsil edən sahibkarların təxminən 10%-də biznesin kiçilməsi baş verib. Lənkəran iqtisadi rayonundan respondentlər hesab edirlər ki, onların biznesində dəyişiklik olmayıb. Rəyi soruşulanların 42%-i ötən bir ildə işçilərinin sayının artdığını, 25%-i azaldığını, 33%-i isə bu sahədə dəyişikliyin olmadığını qeyd edib.

Sorğunun nəticələrinin təhlili göstərir ki, respondentlərin təxminən yarısı ötən bir ildə ölkədə biznes mühitinin yaxşılaşdığı qənaətindədirlər. Respondentlərin 22,7%-i hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib, 27,4%-i isə hər hansı dəyişikliyin olmadığını qeyd edib. Biznes mühitinin yaxşılaşdığını iddia edənlər bunu müxtəlif səbəblərlə izah ediblər. Sahibkarların 27,3%-i yaxşılaşmanı satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması ilə əlaqələndiriblər. İkinci əsas səbəb kimi, yoxlamaların azalması (18,2%) və vergi münasibətlərinin yaxşılaşması (18,2%) qeyd edilib. Respondentlər arasında gömrük sistemində şəffaflığın artmasını (13,6%), istehsalın genişlənməsini (13,6%), satdıqları məhsulların və ya göstərdikləri xidmətlərın bahalaşmasını (11,4%) müsbət addım kimi dəyərləndirənlər də olub. Rəyi soruşulanların 9,1%-i dövlət dəstəyinin artmasını və rəqabət mühitinin yaxşılaşmasını, 6,8%-i elektronlaşmanın genişlənməsini və maneələrin aradan qalxmasını müsbət amil kimi dəyərləndirib. Respondentlərin cəmi 4,5%-i sənədləşmə işlərinin azalmasını və kredit əldə etməyin asanlaşmasını qeyd ediblər. Sorğu iştirakçılarının 27,3%-i digər məsələləri, o cümlədən qiymətlərin sabitləşməsini, korrupsiyanın azalmasını, tikinti sahəsinin aktivləşməsini və s. müsbət amil kimi göstəriblər.

Suallardan biri də respondentlərin indiki dövrdə bizneslərində üzləşdikləri problemlərlə bağlı olub. Cavabların təhlili göstərir ki, rəyi soruşulan sahibkarlar üçün əsas problem maliyyə resurslarına çıxışın çətinliyi (26,1%), müştərilərin azlığı (25%) və xərclərin çoxluğudur (20,5%).

  • Əvvəlki

    Atası, qardaşı, oğlu, qudası, xalası oğlu: Nazirlərin məmur qohumları - SİYAHI

Digər xəbərlər