Azərbaycanda gəmi almaq üçün 45 min 900 manat beh tələb olunur

12.11.2018 Tender
Ölkədə 459 min manat dəyərində gəmi hərraca çıxarılır.

“Kommersant.az” xəbər verir ki, ləğv edilən "Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-yə məxsus buzqıran gəmi üçüncü dəfə 10% endirimlə satışa çıxarılacaq. Bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də baş tutacaq hərracda satılacaq gəminin ilkin satış qiyməti 459 min manat müəyyən edilib. Gəmini almaq üçün hərraca qoşulmaq istəyən hüquqi və fiziki şəxslər öncədən 45 min 900 manat beh ödəməlidir.

Xatırladaq ki, "Kapitan Rəcəbov” adına buzqıran gəmi 1976-cı ildə istehsal edilib. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.