"Çimərlik turizminin inkişafı ilə bağlı heç bir iş görülmür" - EKSPERT

3 Sentyabr 13:16 Turizm
"Dənizin çimərliklərə aid hissələri natəmiz olaraq qalır".

"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib. O qeyd edib ki, çimərlik turizminin inkişafına dair tədbirlər planı hazırlanıb təqdim olunsa da bu istiqamətdə heç bir iş görülmür:

"Dövlət başçısı "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nı 2017-ci il 30 mart tarixli Sərəncamı ilə təsdiq etmişdi. Bu tədbirlər planı geniş çərçivəli inkişafa çox uğurlu bir yol xəritəsidir. Burada sahibkarlar tərəfindən idarə olunan çimərliklərdən istifadə imkanlarının artırılması, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsi, çimərliklər üçün müəyyən edilmiş ərazilərdə formalaşan tullantı sularının idarə edilməsi, çimərliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılması və infrastrukturun (yol, su, kanalizasiya, elektrik, rabitə və digər xidmətlər) formalaşdırılmasına dair təkliflərin hazırlanması və digər bu kimi önəmli istiqamətlər yer alır. Amma çox təəssüflər olsun ki, bu tədbirlər müvafiq qurumlar tərəfindən uğurla həyata keçirilmir. Bu turizm ilində də müşahidə etdik ki, yeni, müasir standartlara cavab verən çimərliklər salınmayıb, çimərlik turizmi istiqamətində yeni hotellər tikilməyib. Ən əsası ilə dənizin çimərliklərə aid hissələri hələ də natəmiz olaraq qalır. Bəlkə də bütün bunlar böyük xərc tələb edir, amma hər bir halda ortada bir tədbirlər planı var və bu, icra olunmalıdır."