Ən sərfəli Türkiyə turları - QİYMƏTLƏR, SİYAHI

10 May 15:26 Turizm
Ölkədə fəaliyyət göstərən turizm şirkətləri Türkiyə istiqamətində təşkil etdikləri tur qiymətləri səyahətin müddətindən, zamanından və məkanından asılı olaraq dəyişir.

Reallıq isə ondan ibarətdir ki, Türkiyəyə tur qiymətlərdən turizm şirkətlərinin özləri də narazıdır. Bildirir ki, Türkiyə hotelləri bu il yalnız Azərbaycan turistləri üçün baha qiymətlər tərtib edib. Məhz bu səbəbə görə də, Azərbaycanın bir çox turizm şirkəti Türkiyəyə tur paket satmaqdan imtina edib.

"Kommersant.Az" yay ayı ilə birgə turizm mövsümünün də başlamasını əsas tutaraq bu dəfə Azərbaycanda fəaliyyət göstərən travel şirkətlərdəki Türkiyə turlarının qiymətlərini təqdim edir.

Qiymətlər 350 manatdan başlayır
“Kral Travel” turizm şirkəti Türkiyə üzrə Antalya, Bodrum, Kuş adası, Marmaris, Çeşme, İstanbul və Kapadokya istiqamətlərində turlar təklif edir. Turizm şirkətindən bildirdilər ki, bu yay ən çox müraciət olunan tur paketlər İstanbul, Antalya və Bodrum istiqamətləri üzrədir. Minimum tur müddəti 3 gecədir, maksimum isə 10-15 gün. Bu istiqamətlər üzrə əsasən 3 gecəlik sifarişlər olur. İstanbula 3 gecəlik 1 nəfər üçün tur paket qiyməti 350 manatdan, Antalyaya 403 dollardan, Bodruma isə 775 dollardan başlayır. Bu qiymətlərə avia-bilet, hotel, transfer, sığorta və qidalanma daxildir.
“Kral Travel”dən bildirdilər ki, Türkiyədə dolların bahalaşmağı, bu şirkətin əməkdaşlıq etdiyi Türkiyə hotellərinin qiymətinə təsir etməyib.

52 günlük tur paket də alırlar
“Gezz Travel” turizm şirkətində Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris, Fethiye, İstanbul və Kapadokya istiqamətləri üzrə tur paketlər təklif olunur. Tur müddət 3 gündən başlayır. Buradan hətta 52 günlük tur alanlar da var. Şirkətin məlumatına görə, müştərilərin ən çox müraciət etdikləri tur paketlər Antalya, İstanbul və Bodrum istiqamətləri üzrədir. Ən çox 7 gecəlik tur alınır. “Gezz Travel”də Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiyməti 363 dollara, İstanbula 387 dollara, Bodruma isə 500 dollaradır. Bu qiymətlərə hotel, bilet, transfer, sığorta və 3 dəfə qidalanma daxildir.
“Gezz Travel”dən bildirdilər ki, Türkiyədə son vaxtlar dolların bahalaşması bu turizm şirkətlərinin əməkdaşlıq etdiyi hotellərin qiymətinə təsir göstərməyib.

Türkiyə hotellərinin qiyməti 3% bahalaşıb
“Millenium Travel” turizm şirkətlərində Türkiyə üzrə əsasən Antalya, Bodrum, Kuş adası, Marmaris, İstanbul, Çeşme, Kipr istiqamətlərində tur paket təqdim edilir. Məlumata görə, ən çox müraciət olunan tur paketlər Antalya və Bodrum istiqamətləri üzrədir. Minimum tur müddəti 3 gücə, maksimum isə 15 gündür. Şirkətdən bildirdilər ki, müştərilər daha çox 5 gecəlik tur paketlərlə maraqlanır. Antalyaya 5 gecəlik 1 nəfər üçün tur paket qiyməti 400 dollar, Bodruma isə 400-450 dollardır. Bu qiymətlərə avia-bilet, hotel, transfer, sığorta və qidalanma daxildir.
Erkən rezervasiyanın qismən ucuz başa gələ biləcəyini deyən satış meneceri bildirir ki, ötən il ilə müqayisədə 3%-ə qədər bahalaşıb. Onun sözlərinə görə, aprelin 29-u iyun ayı üçün 9 gecəlik Antalyaya tur paket 1600 dollara satılıb.

Ötən il 1500 dollara olan hotelin qiyməti bu il 2500 dollara qalxıb
“Baku Holiday Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris və İstanbul istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkəti tərəfindən tur müddəti üçün limit qoyulmasa da ən çox 7 gecəlik və əsasən də Antalya, Bodrum və Kuş adası istiqaməti üzrə turlar üçün müraciət olunur. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiyməti 380 dollar, Bodruma 500 dollar, Kuş adasına isə 500-520 dollardır. Bu qiymətlərə
Şirkətin satış meneceri deyir ki, Türkiyə hotellərinin bu ilki turizm mövsüm üçün olan qiymətləri ötən il ilə müqayisədə bahalaşıb. Onun sözlərinə görə, ötən yay 1500 dollara olan hotelin qiyməti bu il 2000-2500 dollara yüksəlib. Bildirilir ki, bu qiymət bahalaşması yalnız Azərbaycana aiddir. Türkiyə tərəfi Rusiya üçün daha uyğun qiymətlər tərtib edib. Buna səbəb də Rusiyadan Türkiyəyə gələn turist sayının daha çox olmasıdır.

833 dollara Marmaris turu
“Go Travel” şirkəti də Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris və İstanbul istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkətindəki turların müddəti minimum 3 gecəlik, maksimum isə 7 gecəlikdir. Türkiyəyə tur üçün müraciət edən müştərilər əsasən 7 gecəlik və Antalya, Marmaris, Bodrum istiqamətləri üzrə tur paket alırlar. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiyməti 650 dollara, Marmarisə 833 dollara, Bodruma isə 662 dollaradır. Bu qiymətlərə hotel, bilet, transfer və sığorta daxildir.
Şirkətdən verilən məlumata görə, lirənin dəyər itirməsi ilə Türkiyə hotellərinin qiyməti 10%-ə qədər bahalaşıb. Səbəblər isə eynidir, Türkiyə məxsusi olaraq Azərbaycan tərəf üçün qiymətləri bahalaşdırıb.

Antalya, Bodrum, Marmaris – 1985 dollar
“Khazar Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Kuş adası, Marmaris və Fethiye istiqamətləri üzrə tur paketlər təklif edir. Şirkətdən verilən məlumata görə, burada tur müddətinə məhdudiyyət qoyulmur, maksimum isə 7 gecəlik olur. Müraciət edənlər isə ən çox 7 gecəlik, əsasən də Antalya, Bodrum və Marmaris istiqamətləri üzrə tur paket alırlar. Antalyaya, Bodruma və Marmarisə 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti standart olaraq 1985 dollardır.
Satış menecerinin sözlərinə görə, bu il Türkiyə hotellərinin qiyməti qismən bahalaşıb. Belə ki, ötən ilin yay ayında 1 nəfər üçün bir gecə 500 dollara olan hotelin qiyməti indi 700 dollardır.

Hotellərin 50%-i rus turistlərlə dolub
“Atlas Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Fethiye, Kuş adası, Çeşme və Marmaris istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkətinin tur paketlərində zaman məhdudiyyəti yoxdur. Müştərilə daha çox 7 gecəlik, əsasən də Antalya və Bodrum istiqaməti üzrə tur paket alırlar. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiymətləri 390 dollardan, Bodruma isə 490 dollardan başlayır.
Şirkətin satış menecerinin sözlərinə görə, bu il Türkiyə istiqamətində tur üçün müraciət edənlərin sayı ötən il ilə müqayisədə artıb. Buna baxmayaraq yenə ötən il ilə müqayisədə Türkiyə hotellərinin qiyməti bahalaşıb. Menecer deyir ki, ötən 2 il müddətində Türkiyə Rusiya, Ukrayna və Qazaxıstandan turist qəbul etmirdi və Azərbaycan istiqamətindən gələn turistlər üçün hotellər aşağı qiymət təklif edirdi. Amma bu il Rusiya, Ukrayna və Qazaxıstandan Türkiyəyə gedən turistlərə ucuz, azərbaycanlı turistlərə isə yüksək qiymətlər təklif olunur. Onun sözlərinə görə, Türkiyə hotellərinin artıq 50%-i rus turistlərlə dolub.

Qardaş Türkiyə hotelləri ruslara ucuz, bizə baha
“Aristokrat Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Alanya, Kəmər, Kuş adası, Marmaris və Fethiye istiqamətləri üzrə tur paketlər təklif edir. Bu tur paketlərin müddəti 1 gecədən 20 gecəyə qədərdir. Ən çox müraciət olunan turlar isə İstanbul və Antalya istiqamətləri üzrədir. İstanbula 2 nəfər üçün 5 gecəlik tur paket qiyməti 700-800 dollara, Antalyaya 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti isə 800-900 dollaradır.
Turizm şirkətindən bildirdilər ki, ötən ilin nəticələri ilə müqayisədə bu il xaricə getmək üçün müraciət edən turis sayı azalıb. Satış menecerinin sözlərinə görə, Türkiyədəki hotel qiymətləri də ötən il ilə müqayisədə bahalaşıb. Menecer deyir ki, Türkiyə hotelləri Rusiyaya daha ucuz qiymətlərlə təklif olunur, Azərbaycana isə baha verilir.

Türkiyədə istirahət etmək istəyənlər azalıb
“Paşa Travel” şirkəti Türkiyəyə Bodrum, Antalya, Alanya, Marmaris, Kuş adasl, Fethiye, Belek və Kemer istiqamətləri üzrə tur paketlər təklif edir. Şirkətin məlumatına görə turlara vaxt məhdudiyyəti qoyulmur. Bu şirkətə daha çox 2 nəfərli və 7 gecəlik turlar üçün müraciət edilir və əsasən Bodrum ilə Antalya istiqamətlərinə üstünlük verilir. Antalyaya və Bodruma 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti standart olaraq 1200-1300 manatadır.
Satış meneceri bildirdi ki, əməkdaşlıq etdikləri Türkiyə hotellərinin qiymətində bu il üçün hər hansı bir artım qeydə alınmasa da Türkiyəyə getmək üçün müraciət edən turist sayı azalıb.

Türkiyə hotelləri 250 dollar bahalaşıb
“Vector Travel” şirkəti də Türkiyə üzrə Antalya, Bodrum, Kuş adası, Marmaris, İstanbul və Çeşme istiqamətlərində tur paketlər təklif edir. Yay ayları üçün nəzərdə tutulmuş tur paketlərin müddəti 2 gecədən başlayır. Müraciət edənlər isə daha çox 6 gecəlik paketlərə üstünlük verirlər. Ən çox müraciət olunan tur paketlər də Antalya və Bodrum istiqamətləri üzrədir. Antalyaya 2 nəfər üçün 6 gecəlik tur paket qiyməti 840 dollar, Bodruma isə 1290 dollardır. Məlumata görə, Bodruma birbaşa reyslər iyunun 16-dan başlayacaq.
Şirkətin satış meneceri deyir ki, müraciət edənlərin sayı erkən rezervasiyalara əsasən ötən il ilə müqayisədə eynidir. Ehtimal olunur ki, yay aylarında satış bir az artacaq.
Bu turizm şirkəti də Türkiyə hotellərinin bu mövsümdə qiymətləri həddən artıq bahalaşdırdığını birldirir. Menecerin sözlərinə görə ötən il 7 gecəlik hotel 400 dollara idisə, bu il həmin tarixə olan qiymət 650 dollardır.