2020-ci ildən subsidiyalar fermerlərə vahid mexanizm vasitəsilə çatdırılacaq

28.06.2019 Aqrar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

"Kommersant.az" xəbər verir ki, bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

EKTİS-də qeydiyyatdan keçməyən fermerlərə subsidiya verilməyəcək

Növbəti ildən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi oln Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə veriləcək. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək. EKTİS-də qeydiyyatda olan şəxs eyni zamanda ölkənin elektron hökümət portalında (mygov) qeydiyyatdan keşmiş sayılır və portalda təqdim edilən digər xidmətlərdən istifadə edə bilər.

Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olacaq, təsərrüfatları, proqnozları barədə məlumatları həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcək.

EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar kabinetə əks olunacaq.

Sənədlərində dəyişiklik olmayan fermerlər subsidiya ala bilmək üçün yenidən sənəd təqdim etməyəcəklər.

Hazırda ölkədə fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Bu ilin sonunadək fermerlərin EKTİS-də qeydiyyatı prosesi tam yekunlaşdırılacaq.

Aqrar Subsidiya Şurası yaradılacaq

Subsidiya mexanizminin kənd təsərrüfatının inkişafı məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılacaq. 7 nəfərlik Şura Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, və yerli fermerlər assosiasiyasının nümayəndələrindən təşkil olunacaq. Şuraya Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri rəhbərlik edəcək.

Subsidiyalar fərqli mexanizmlə hesablanacaq

Şura subsidiyaların təkmilləşdirilməsi, təsdiq edilən baza məbləği olan 200 manata bitkiçilik sahəsinin subsidiyalaşdırılması üçün tətbiq ediləcək əmsalları, toxumçuluq sahəsi ilə bağlı kvotaları müəyyən edəcək.

Bitkiçilik sahəsində subsidiyaların hesablanması Şura tərəfindən təsdiq edilən əmsalın baza məbləğinə vurulması ilə aparılacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.

2020-ci il üzrə əmsallar və kvotalar 2019-cu il ərzində müəyyən edilərək elan ediləcək.

Bitkiçilik sahəsində tətbiq edilən subsidiyalar yenilənəcək

Növbəti ildən bitkiçilik sahəsində aşağıdakı növdə subsidiyalar olacaq:

Əkin subsidiyası fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə veriləcək.Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən ediləcək.Dolayısıylafermerlərə indiyədək verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsi nəzərdə tutulur.
Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq veriləcək. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Şura tərəfindən müəyyən edilərək elan ediləcək.
Toxum subsidiyası – toxumçu fermerlərə sertifikatlı (1-ci və 2-ci reproduksiya) toxumların və tinglərin satışına görə Şura tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq veriləcək. Toxumçu fermerlər Aqrar Xidmətlər Agentliyinin müvafiq reyestrində qeydiyyatdan və sahə üzrə keyfiyyət nəzarətindən keçmiş toxum istehsal edən şəxslərdir.
Subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılacaq

Fermerlər subsidiyalar elektron qaydada və ya bilavasidə müraciət edə biləcəklər. Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçiriləcək, mərkəzdən əlaqələndirməni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.

Subsidiya vəsaitlərin fermerlərin bank kartlarına (fermer kartı) köçürüləcək. Fermerlər əkin subsidiyasının bir hissəsini (25%-ni) birbaşa nağdlaşdıra biləcək, yerdə qalan vəsait (75%) isə nağdalaşdırmadan, sadəcə gübrə, pestisid, toxum və ya ting alışı zamanı hesabdan-hesaba köçürəcək. Kənd təsərrüfatı istehsal vasitələrini satan təchizatçılar EKTİS-də qeydiyyatdan keçməlidir.

Fermerlər il ərzində onlara ayrılan amma istifadə edə bilmədikləri vəsaiti eyni il ərzində aparılan növbəti əkinləri üçün xərcləyə biləcəklər.

Yeni qaydalar kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini stimullaşdıracaq

Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq.

Heyvandarlıq sahəsində subsidiyaların verilməsinə davam ediləcək

Heyvandarlıq sahəsində subsidiyalar əvvəlki məbləğ və qaydada tətbiq olunacaq. Sadəcə, fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidir.

Subsidiya növləri üzrə xidmət reqlamentləri təsdiqlənəcək

Hər bir subsidiya növü üzrə Nazirlik tərəfindən 5 ay ərzində xidmət rerqlamentləri təsdiqlənəcək. Bu xidmət reqlamnetləri fermerlərə hər bir subsidiya növü üzrə xidmətin həyata keçirilməsinin daha aydın və ətraflı izahını nəzərdə tutur.

Yeniliklər

Subsidiyalar artıq vahid mexanizm tətbiq edilməklə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə veriləcək.
Subsidiyalara müraciətlərin qəbulu, emalı, cavablandırılması EKTİS-in Subsidiya İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.
Subsidiya almaq üçün EKTİS-də qeydiyyat tələb olunacaq və sənədlərin hər il yenidən tələb edilməsi ortadan qaldırılacaq.
Bitkiçilik sahəsində subsidiyaların növləri və hesablama mexanizmi yenilənir. Məsələn yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı subsidiyalar əkin subsidiyası adı altında birləşdirilir.
Subsidiyaların hesablanma mexanizmi dəyişdirilərək 200 manat müəyyən edilən baza məbləğinə əmsallar tətbiq edilməklə hesablanacaq.
Sahə üzrə çevik qərarların alınması üçün Aqrar Subsidiya Şurası yaradılacaq və Şura əmsalların müəyyən edilməsini həyata keçirəcək.
Kooperativ fəaliyyətin dəstəklənməsi üçün 50 ha dan yuxarı əkini olan k/t kooperativlərinə əkin subsdiyası 10% artırılaraq tətbiq ediləcək.
Subsidiyaların verilməsi ilə bağlı monitorinq və qiymətləndirmələr aparılacaq, subsidiyaların təyinatına uyğun istifadəsi və sui-istifadə halları ortadan qaldırılacaq.