Azərbaycan sahibkarı kimdir, nə düşünür, hansı problemlərlə üzləşir? - MÜSAHİBƏ

29.04.2019 Biznes
Son bir neçə il ərzində dövlətin qeyri-neft sektoruna diqqəti artıb, xüsusilə də ölkədə fərdi sahibkarlığın dəstəklənməsi gücləndirilib.

Azərbaycan sahibkarı kimdir, o nə düşünür, cəmiyyət onu necə təsəvvür edir, o hansı problemlərlə üzləşir?

Həmsöhbətimizin seçilməsi təsadüfi deyildir. Fəxri Ağayev uzun müddət müxtəlif şirkətlərin rəhbəri olaraq çalışmışdır, hazırda müxtəlif sahələrdə sahibkarların biznes məsləhətçisidir və işadamlarının problemləri barədə məlumatlıdır, müntəzəm olaraq öz bloqunda və sosial şəbəkələrdə bu mövzuda məqalələr yazır. Bununla yanaşı, bir ildən çoxdur ki, sahibkarlar üçün idarəçilik təlimləri keçir.

Görüşümüzün əvvəlində siz qeyd etdiniz ki, Azərbaycanda biznes yeni iqtisadi şərtləri nəzərə almalıdır və yeni reallıqlara uyğunlaşmalıdır. Hansı yeni reallıqları nəzərdə tutursunuz və Azərbaycan biznesi nəyi nəzərə almalıdır?

– Ölkədə son bir neçə il ərzində bütün sahələrdə birbaşa və ya bilavasitə biznesə təsir göstərən ciddi dəyişikliklər baş vermişdir. Birinci növbədə, bu dəyişikliklər iqtisadiyyata aiddir – iqtisadiyyatda nağd pul dövriyyəsinin həcmi azalıb, kommersiya bankları əhali və şirkətlər üçün kreditin ayrılması məsələsinə çox ehtiyatla yanaşmağa başlayıblar. İkincisi, bu gün biz hökumət strukturlarında ciddi, hətta mən deyərdim, köklü dəyişikliklərin şahidi oluruq, xüsusilə də biznesin sıx əlaqəli olduğu sahədə – Vergilər Nazirliyində. Vergilər istənilən ölkənin iqtisadiyyatının ən həssas və eyni zamanda strateji əhəmiyyətli komponentlərindən biridir. Bu sahədə aparılan islahatlar biznes üçün daha ədalətli mühitin təmin olunmasının vacib təməlidir. Üçüncüsü, istehlakçıların davranışı dəyişib. Bugünkü Azərbaycan istehlakçısı öz hüquqlarını bilən, məhsullar və xidmətlərdən anlayışı olan, bəzən satıcıdan daha məlumatlı olan, qiymətin, malın keyfiyyətinin və xidmət səviyyəsinin düzgün uyğunlaşmasına diqqət yetirən bir şəxsdir. Təbii ki, bütün sadaladığım amilləri nəzərə alsaq, Azərbaycanda biznes də, həmçinin, dəyişməlidir. Daha bir vacib məsələ odur ki, yuxarıda qeyd olunanlar səbəbiylə ölkənin bir çox sahələrində rəqabət artmışdır: şirkətlər daha seçici və tələbkar istehlakçını cəlb etmək uğrunda mübarizə aparırlar.

Bəs Azərbaycan biznes sahibi və sahibkarı kimdir? Siz onu necə təsvir edə bilərsiniz?

– Azərbaycan sahibkarı ölkəmizdə baş verən proseslər çərçivəsində inkişaf edən və dəyişən bir şəxsdir. Rəqabətli mühitdə o çox şey öyrəndi və gücləndi. Beynəlxalq rəqabətdə təcrübəsi olanların da sayı az deyil. Hazırda ölkəmiz təkamül inkişafının növbəti mərhələsini keçdiyinə görə, Azərbaycan sahibkarı yeni şərtlərə uyğunlaşmaqla yanaşı, maliyyə və mühasibatlıq formatını dəyişdirməlidir, istehlakçıların dəyişkən davranışlarını anlamalıdır, kadrlarla yeni və uzunmüddətli münasibətlər qurmalıdır, şirkətin bütün sahələrinin effektivliyi haqqında düşünməlidir.

Sizin fikrinizcə, dövlət qurumları sahibkarlara və biznesə nə cür yardım və dəstək göstərməlidir?

– Mənim fikrimcə, ilk növbədə, dövlət qurumları və biznes arasında düzgün və müntəzəm əlaqə qurulmalıdır. Hər iki tərəfin mövcud və mümkün olan bütün problemləri müzakirə edə bilməsi üçün daimi əlaqənin qurulması vacibdir.

Mən düşünürəm ki, biznesin inkişafı üçün ali təhsil müəssisələrində tədris olunan fənnlərin keyfiyyətinin yaxşılaşdırılması vacib şərtdir, bunun üçün isə biznes strukturları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması tələb olunur, çünki əks halda paradoksal bir vəziyyət yaranır – bir tərəfdən iş yerlərinin olmaması barədə şikayət edən insanların sayı çoxdur, digər tərəfdən, mənim müntəzəm olaraq əlaqə saxladığım şirkətlər tamamilə fərqli vəzifələrə işçi tapa bilmirlər. Bu cür uyğunsuzluğun səbəbi nədir?

Ali təhsilli gənclər çox vaxt müstəqil həyata hazır olmurlar, müasir zəmanəyə görə zəruri olan bilik və bacarıqları olmur. Şirkətlər ali təhsil müəssisələrimizin məzunlarını işə almaqda çətinlik çəkirlər, çünki bəzən onların universitetlərdə aldıqları biliklər aktual olmur. Bu səbəbdən ali təhsil müəssisələrimizin bizneslə sıx əməkdaşlıq etməsi çox vacibdir, bu əməkdaşlığın ən effektiv formalarından biri isə praktiki iş adamlarını universitetə dərs deməyə cəlb etməkdir, çünki məhz onlar ali təhsil müəssisələrindəki gənclərə biznesə aid daha dəqiq və müəyyən bilik verə və onları real biznes həyatına daha yaxşı hazırlaya bilərlər.

Üçüncüsü, bizim biznesimiz üçün informasiya dəstəyi və konsaltinq vacibdir (seminarların, təlimlərin keçirilməsi, müxtəlif növ təlim materiallarının hazırlanması). Böyük şirkətlər və holdinqlər xaricdən məsləhətçi dəvət edə və ya bahalı yerli mütəxəssislərə müraciət edə bilərlər. Bəs müasir idarəetmə sisteminin yaradılması, CRM sistemlərinin tətbiqi, kadrların və idarəçiliyin inkişafı, müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və s. kimi qiymətli məlumatları əldə etmək üçün kiçik və orta sahibkarlar nə etməli? Mən hesab edirəm ki, idarəetmənin səmərəliliyini artıra biləcək məsləhətçilərin və mütəxəssislərin xidmətlərini dövlət öz institutları vasitəsilə ödəyə bilər.

Cəmiyyətdə belə bir fikir yaranıb ki, sahibkarlar çox qazanırlar, yalnız yeni layihələr haqqında düşünürlər, bahalı kurortlarda istirahət edirlər və s. Bu həqiqətən belədirmi?

– Əslində sahibkarlıq fenomenində belə bir paradoks var, bir insan azad olması üçün öz şirkətini qurur. Lakin bir müddət sonra, şirkətin dövriyyəsi böyüdükdə və şirkət bazarda müəyyən bir yer tutduqda sahibkar azadlığını tamamilə itirir və, demək olar ki, bütün vaxtını, gücünü və enerjisini həmin biznesə yönəldir.

Aşağıda biznes sahiblərinin əsas problemlərini açıqlayıram:

-Onlar hamıdan çox işləyir;
-Sağlamlığına, şəxsi həyatına, inkişafa və təkmilləşməyə ayıracaq vaxtı olmur;
-Fəaliyyətlərini genişləndirməyə qorxurlar, çünki şirkətin həcminin artması problemlərin də artmasına səbəb olur;
-İşçilərin məsuliyyətsizliyindən vəə səhlənkar yanaşmalarından şikayət edirlər;
-İşçi tapmaqda çətinlik çəkirlər;
-Şirkətdə bir ildən artıq çalışmış işçilər, özlərini ulduz hesab edirlər və şirkəti şəxsən özlərinə bağlamağa və özündən asılı vəziyyətə salmağa çalışırlar;
-İşdən bir neçə saatlığına ayrıldıqda, telefon zəngləri dayanmır;
-İdarəetmədə sistemlilik yoxdur;
-İllərlə əldən düşənə kimi işləyir, yorulur, və bununla yanaşı bilirlər ki, bunun axırı olmayacaq.

Əminəm ki, biznes sahibləri, biznesin miqyasından asılı olmayaraq, bu sətirləri oxuyarkən özlərini görəcəklər.

Uzunmüddətli biznes yaratmaq üçün peşəkarlar komandasının nəzarəti altında işləyəcək bir sistem yaratmaq lazımdır.

Təlimlərimdə də sahibkarlarla birlikdə bütün bu problemlərin həlli barədə çox müzakirələr edirik.

Siz qeyd etdiniz ki, biznes sahibləri və sahibkarlar üçün idarəçilik təlimləri keçirsiniz. Bu təlimlər nə haqqındadır və iş adamı üçün idarəçilik təlimləri nə üçün lazımdır?

Sahibkarlarımızın biliklərinin artırılması zəruriliyi barədə çoxdan düşünürdüm. Məsələ orasındadı ki, çox vaxt biznes təsisçisi biznes haqqında heç bir əsas biliklərə və bacarığa malik olmadan özü biznesi idarə edir. Belə bir vəziyyətdə, idarəetmə üsulu intuitiv məntiqə əsaslanır, bu isə çox təhlükəlidir. Mənim öz təcrübəm onu göstərir ki, şirkətlərdə çox vaxt hər şey şirkətin rəhbərinin və işçilərinin dünyagörüşü, insanların işinə olan münasibəti üzərində qurulur və dəqiqlik, intizam kimi anlayışlar sadəcə rəhbərin aynası olur. Tez-tez belə hallara da rast gəlmişəm ki, xarici ölkədə mükəmməl təhsil almış bir gənc yerli şirkətdə işə başlayır, lakin heç nəyə nail ola bilmir, çünki bütün hərəkətləri və fəaliyyəti rəhbər tərəfində məhdudlaşmış olur.

Və onda mən başa düşdüm ki, şirkət sahibləri özlərini və idarəetmə sahəsində biliklərini təkmilləşdirməyənə kimi, biz biznesdə müsbət dəyişikliklər görməyəcəyik.

2018-ci ilin yanvar ayında mən biznes sahibləri üçün idərəçilik təlimlərini keçməyə başladım və bu günə qədər müxtəlif yerli və xarici şirkətlərin 80-dən çox sahibləri və rəhbərləri həmin təlimi keçmişdir. Təlim 2 günlükdür və 18 saat ərzində şirkətdə idarəetmə sisteminin qurulması, həmfikirlər komandasının necə yığıb qurulması, şirkətin müştəriləri ilə uzunmüddətli effektiv münasibətlərin qurulması və s. haqqında danışırıq.

Sahibkarlara və biznes sahiblərinə verəcəyiniz 3 əsas məsləhət nədir?

– İlk növbədə, onu başa düşüb qəbul etməliyik ki, bu gün Azərbaycanda ciddi müsbət dəyişikliklərin şahidi oluruq, və buna görə də uğurlu biznesə sahib olmaq üçün biznesin bütün xüsusiyyətləri barədə uzunmüddətli perspektivdə düşünməyi öyrənməliyik.

Bütün biznes məsələlərinə – işçi heyətinin, avadanlıqların, istehlakçılarla əlaqələrin, xərclərin səmərəliliyi kimi məsələlərə ciddi diqqət yetirməliyik.

Biznesin əsl sahibinin Möhtərəm İstehlakçının olduğunu və şirkətin bütün proseslərinin, standartlarının onun məmnunluğuna yönəldilməsinin zəruriliyini anlamalıyıq.

Milli.az