USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ola bilər, Mikayıl Cabbarovun dediyi kimi, 80 min iş yeri açılıb, bəs, nə qədər iş yeri bağlanıb?” - Rövşən Ağayev

18.12.2020 İqtisadiyyat
0 0
Azərbaycan hökuməti pandemiya dövründə – bu ilin martından indiyədək ölkədə təxminən 80 min yeni iş yeri açıldığını bəyan edib. Bu barədə danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, açılan yeni iş yerləri özəl sektorda olan ümumi əmək müqavilələrinin 15 faizindən çoxunu təşkil edir. Nazirin sözlərinə görə, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb. M.Cabbarov buna sübut kimi, ölkənin strateji valyuta ehtiyatlarının həcminin, manatın məzənnəsinin dəyişməməsini qeyd edib.

Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar ticarət, xidmət və başqa bir çox sektorlarda fəaliyyətin dayanması fonunda 80 min yeni iş yeri açılması haqda deyilənlər birmənalı qəbul edilməyib. Cəmiyyətdə nazirin açıqladığı rəqəmə şübhə ilə yanaşanların sayı çoxdur.

İqtisadçı ekspert Rövşən Ağayev "Press Klub"a şərhində bildirdi ki, hökumət təkcə rəqəmi açıqlamaqla kifayətlənməməli, cəmiyyəti inandırmalıdır. Ekspertin sözlərinə görə, statistik məlumat dolğun olmalı, şübhəyə yer qalmamalıdır:

"Mən 80 min yeni iş yeri ilə bağlı statistikanın real olub-olmadığını birmənalı deyə bilmərəm. Amma ictimaiyyətin şübhəli yanaşmasına qoşuluram. Hökumətin borcudur ki, bizi inandırsın. Statistika elə olmalıdır ki, media, araşdırmaçılar, ekspertlər onu yoxlaya bilsinlər. Məsələn, 80 min yeni iş yerinin hansı sahələri əhatə etdiyi, hansı peşələr, hansı bölgələr üzrə açıldığı haqda məlumat verilməlidir. Hansı kəndlərdə açıldığı deyilməsə də, heç olmasa, bölgələr açıqlanmalıdır. İnsanların məlumatı olmalıdır ki, bunların nə qədər hissəsi təhsil sahəsini, nə qədəri xidmət sahəsini əhatə edir. Təəssüf ki, bizdə məşğulluğun strukturu, hansı sahələr üzrə iş yerlərinin açıldığı haqda məlumat verilmir. Halbuki başqa ölkələrdə bu var. Baxanda görürsən ki, hər peşə üzrə nə qədər insan çalışır".

Rövşən Ağayev qeyd etdi ki, 80 min yeni iş yerinin yaradılması barədə nazirin dediklərinə cəmiyyətin böyük bir kəsiminin mənfi reaksiyası səbəbsiz deyil. Çünki pandemiya dövründə insanlar iş problemi ilə üzləşib, sərt karantin rejimində xeyli iş yerləri qapanıb, fəaliyyət sahələri dayandırılıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bugünlərdə açıqladığı başqa bir rəqəmi xatırlatdı. Nazirliyin məlumatına görə, son 2 ildə əmək müqavilələrinin sayı 325 min artıb.

"Əmək müqavilələrini muzdla işləyənlər bağlayır. Amma başqa bir rəsmi statistik rəqəmlərə baxanda görürük ki, muzdla işləyənlərin sayında cəmi 160 min artım var. İki dəfə fərq yaranır. Deyə bilərlər ki, muzdla işləyən bir nəfər iki fərqli iş yerində müqavilələr bağlayıb. O zaman hökumət açıqlasın ki, muzdla işləyən neçə nəfərin neçə əmək müqaviləsi var. Bunları bilmək cəmiyyətin haqqıdır. 325 min yeni müqavilənin olması yarımçıq statistikadır. Neçə əmək müqaviləsinə xitam verildiyi də açıqlanmalıydı. Ola bilər ki, gerçəkdən 325 min müqavilə bağlanıb. Bəlkə elə bu dövrdə 300 min müqaviləyə də xitam verilib? Bu halda, məlum olacaq ki, cəmi 25 min artım var. Statistikalar manipulyasiyaya imkan verməməlidir", – deyə R.Ağayev bildirdi.

Ekspertin sözlərinə görə, tədqiqat üsullarından biri də müşahidələrdir. Müşahidələr isə göstərir ki, pandemiya dövründə işsiz insanların sayı artıb:

"Azərbaycanda sərt karantin rejimi tətbiq olunursa, onminlərlə insanın işlədiyi xidmət, ticarət sektorunda, istehlak sahələrində iş yerləri bağlanırsa, şübhəsiz ki, işsizlərin sayı da artır. Bu, bizim müşahidəmizdir. Bundan əlavə, Dövlət Statistika Komitəsinin bu ilin oktyabrına iqtisadi fəal əhalinin sayı ilə bağlı məlumatına da nəzər salaq. Oradan görünür ki, bu ilin əvvəli ilə müqayisədə 2020-ci ilin oktyabrına qədər işsizlərin sayında 40 faiz artım baş verib. Əgər ilin əvvəlində Dövlət Statistika Komitəsi 262 min nəfər işsiz müəyyən eləmişdisə, oktyabr ayında bu rəqəm 360 minə çatıb. 100 min nəfər artım təxminən 40 faiz artım deməkdir. Bu rəsmi statistikanın özü də göstərir ki, Azərbaycanda işsizlərin sayı artıb. Ola bilər ki, Mikayıl Cabbarovun dediyi kimi, nəzəri olaraq, 80 min iş yeri açılıb. Bəs, nə qədər iş yeri bağlanıb? Bir ölkədə 80 min iş yeri açılıb, 250 min iş yeri bağlanırsa, bu, o deməkdir ki, saldo mənfidir. Bu halda, açılan iş yerlərindən çox, bağlanan iş yerlərinə fokuslanmaq lazımdır. Yaxud da birini deyəndə, digərini də demək lazımdır. Bu, daha obyektiv, daha peşəkar yanaşma olardı…"Pressklub