USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanın daşınmaz əmlak bazarındakı vəziyyət açıqlandı

15.05.2025 İnşaat və Əmlak
0 0
Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlak bazarı son illərdə daha da aktivləşib.

Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, qiymətlər, digər regionlarda olduğu kimi, Naxçıvanda da artıb:

"Hazırda Naxçıvan şəhərinin özündə, yəni mərkəzində qeyri-yaşayış təyinatlı torpaqların bir sotu 30-50 min manat civarındadır. Bunlar qeyri-yaşayış təyinatlıdır. Yaşayış təyinatlı isə ərazisindən asılı olaraq 5-15 min manat arasında dəyişir. Qiymətlər çoxmərtəbəli yeni tikililərdə bir kvadratı 2000-2500 manat aralığında, köhnə tikililərdə isə 1.500-2.000 manat aralığında dəyişir".

Rayonların kvalifikasiya, yəni qiymət bölümü isə aşağıdakı kimi formalaşdırıla bilər.

1.Naxçıvan şəhər

2.Babək rayonu

3.Ordubad

4.Culfa

5.Şərur

6.Şahbuz

7.Kəngərli

8.Sədərək

Sədr qeyd edib ki, Naxçıvanın əmlak bazarı hazırda inkişaf edir və tələbat böyükdür. Ona görə də hər il 10-20% qiymət artımı müşahidə edilir:

"Bundan əlavə, Naxçıvana investisiyalar da qiymət artımına təsir göstərdi. Gələcəkdə Zəngəzur dəhlizinin açılması mümkün olduqda qiymətlərin daha çox yüksəlməsi gözlənilir. Yeni İpək yolu layihəsi həyata keçirilərsə, Naxçıvanın həm Türkiyə ilə, həm Azərbaycanla, həm İranla əlaqələri güclənəcək. Bu da daşınmaz əmlak bazarının artımına xüsusi təkan verəcək".

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlak bazarı son illərdə əhəmiyyətli dərəcədə dəyişib.

"Ötən ilə nəzər salsaq, 2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 3.8%, texniki sənədlərin tərtibi isə 4.2% artıb.

Bundan əlavə, 2024-cü ilin mart ayından etibarən dövlət əmlakları elektron sistem vasitəsilə qeydiyyata alınır. Naxçıvanın turizm potensialı da daşınmaz əmlak bazarına təsir göstərir. Tarixi abidələr, mineral bulaqlar və müalicəvi kurortlar bölgəyə turist axınına səbəb olur. Bu da əmlak tələbinin artmasına və qiymətlərin yüksəlməsinə təsir edir.

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlak bazarı dinamik inkişaf edir. Qiymət artımları, dövlət qeydiyyatlarının artması və hərraclarda aktivlik bazarın canlanmasından xəbər verir. Bununla yanaşı, turizm və infrastruktur inkişafı da bazara müsbət təsir göstərir", - deyə o qeyd edib.