USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP-dən Biznes əməliyyatları hesabatı

01.08.2018 İqtisadiyyat
0 0
BİZNES ƏMƏLİYYATLARI HESABATI 2018-ci ilin 1-ci yarısının nəticələri

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.

2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

2018-ci ilin 1-ci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. 6 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

Səmt qazı

İlin 1-ci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2018-ci ilin 1-ci yarısı ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (963 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2018-ci ilin 1-ci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Hasilat

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.

6 ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2018-ci ilin 2-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri bitmişdir və indi bu quyuda tamamlama işləri gedir.

İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz 2 layihəsi

2018-ci ilin birinci yarısında Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

Eyni zamanda ilin birinci yarısında Şahdəniz Bravo platformasında montaj işləri və istismar sınaqları davam etmişdir. Sualtı axın xətlərinin və quyuların sınaq işləri tamamlanıb və Bravo qurğuları istismar mərhələsinə daxil olub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2018-ci ilin 1-ci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat xərcləri və 241 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

6 ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2018-ci ilin 1-ci yarısı ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.

Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir. Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edildi. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.

İşçi heyətimiz

2018-ci ilin 1-ci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2669 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir.

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2.3 milyon dollar xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi "BP Exploration (Caspian Sea) Limited" şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi "BP Exploration (Shah Deniz) Limited" şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.