SOCAR yeraltı qaz anbarlarının həcminin artırılmasını həyata keçirəcək

25.05.2018 Energetika
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması iki mərhələli formada həyata keçiriləcək.

"Kommersant.Az" xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədi ilə “Qalmaz” yeraltı qaz anbarı sahəsində keçirilən texniki müşavirədə bildirib.

O qeyd edib ki, mövcud yeraltı qaz anbarlarının aktiv qaz həcminin genişləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən bir sıra layihələr reallaşdırılıb: “Strateji obyektlərdən sayılan və Azərbaycanın enerji təminatında mühüm rol oynayan yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və qaz anbarının effektivliyinin yüksəldilməsi istiqamətində son illər ərzində böyük işlər görülüb və bu işlər bundan sonra da davam etdiriləcək. “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu proses iki mərhələli formada həyata keçiriləcək. İlk öncə daxili imkanlar hesabına qaz anbarlarının həcminin 3,5 mlrd.kubmetrə çatdırılması planlaşdırılır”,-baş direktor vurğulayıb.