USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən etibarlı pulu hansıdır?

19.09.2019 İqtisadiyyat
0 0
Dünyada uzun illərdir ki, hegemonluq edən dollar və onun tarixi…

Pul vahidi yaranandan bəri dünyada xeyli sayda milli valyutalar meydana çıxıb. Bu gün də hər bir ölkədə daxili ticarət əsasən milli valyuta ilə həyata keçirilir. Bu valyutalar ölkənin iqtisadiyyatından və dünyada baş verən iqtisadi savaşlardan asılı olaraq dəyər itirir, dəyərlənir. Valyutalar əsasən sabit olub-olmamasına görə dəyərləndirilir. Sabit valyutalar dəyərli hesab edilir. Eyni zamanda ticarətdə də bu valyutalara etibar yüksək olur və böyük layihələr, ölkələrarası ticarətlər bu valyutalarla aparılır. Bəs hazırda dünyanın ən etibarlı valyutası hansıdır?

Bu barədə danışan iqtisadçı Fikrət Yusifov bildirib ki, dünyanın ən etibarlı valyutası dollar sayılır. İqtisadçı bunun səbəblərini aşağıdakı kimi izah edib:

"İllərdir ki, dolların ətrafında müxtəlif ajiotajlar yayılır. Çoxlu versiyalar və ehtimallar səslənir ki, dolların məzənnəsi kəskin şəkildə zəifləyəcək. Bu barədə fikir söyləyənlərin də kifayət qədər əsasları var. Ancaq reallıq həyatda nədirsə, odur. Bu gün dünyada hegemon valyuta dollardır. Zaman-zaman onun məzənnəsində həm siyasi, həm də iqtisadi hadisələr fonunda müəyyən dəyişikliklər olur. Ancaq nəticə etibarilə daha çox güvən qazanan, etibar edilən valyuta yenə də dollar olaraq qalır. Digər tərəfdən, dollar bütün dünya ölkələrinin rəsmi tanıdığı bir saylı valyutadır.

Dolların hegemonluğuna qədər ingilis funt sterlinqi hegemon olub. 1944-cü ilin iyul ayında Amerikanın Bretton-Vuds şəhərində keçirilən konfransda yeni beynəlxalq valyuta sistemi yaradıldı. Bu sistem qızıla və iki devizə- funt sterlinq və ABŞ dollarına əsaslanırdı. 1971-ci ildə ABŞ prezidenti bəyanat verdi ki, bu gündən etibarən dolların qızıl təminatı yoxdur. Artıq elə zaman idi ki, dollar həmin vaxtı hegemonluğu ələ almışdılar. Dünyada bir çox ölkələr zaman-zaman dollardan imtina etmək kimi bəyanatlar səsləndirsələr də, hələ ki dollar hegemondur. Onun məzənnəsində hansısa azalma olsa da, bu o demək deyil ki, dollar hegemonluğunu itirib. Xeyr, əksinə, bu gün yenə də ən güclü valyuta dollar olaraq qalır".

Onu da bildirək ki, yuxarıda qeyd etdiyimiz Bretton-Vuds konfransının iştirakçıları burada eyni zamanda Beynəlxalq Valyuta Fondunu (BVF) yaratdılar. Sistemin mühüm cəhəti ondan ibarət oldu ki, milli valyutaların kursu dollarla müəyyən edildi. (1 troy unsiya- 31.1 qram 35 dollar dəyərində). Belə mexanizm ölkə daxilində maliyyə sabitliyini təmin edirdi. Müharibədən sonra Bretton -Vuds valyuta sisteminin prinsiplərinin formalaşdığı dövrdə, Böyük Britaniya funt sterlinqinin qızıla dəyişdiriləcəyi qədər qızıl ehtiyatına malik olmadığından funt sterlinqin deviz valyutası funksiyasından imtina etdi.

Beləliklə, Bretton-Vuds valyuta sistemi dolları imtiyazlı vəziyyətdə qoydu və bu da ABŞ-a iqtisadi və siyasi üstünlük verdi. Demək olar ki, xarici ticarət hesablaşmaları inhisarçı qaydada dollarla ifadə olunurdu. ABŞ tədiyyə balansının kəsirini özünün milli valyutası ilə bağlaya bilərdi. Digər xarici ölkə isə tədiyyə balansını kəsirlə bağladığı halda özünün qızıl ehtiyatlarını xərcləməli, daxili tələbatı azaltmalı, ixracı artırmalı idi.15 avqust 1971-ci ildə ABŞ hökuməti birtərəfli qaydada BVF ilə sazişi pozaraq dolların qızıla dəyişdirilməsi qaydasından imtina etdi. 60-cı illərin ortalarında qəti müəyyənləşdirilmiş valyuta kursu ölkələrin maraqlarına cavab vermədi və dünya ticarətinin inkişafını ləngidirdi.

Bununla da, göründüyü kimi, Bretton-Vuds valyuta sistemi dünya təsərrüfatının tələblərinə uyğun gəlmirdi. 20-ci əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvəllərində dünya iqtisadi sistemində yeni böhran baş verdi.1971-ci ildə BVF valyuta kurslarının paritetdən kənarlaşma həddini +,-2%-ə qaldırdı. Bir il sonra qəti müəyyənləşdirilmiş kurs sistemi iflasa uğratdı.

Qızılın kursuna uyğun olaraq qiyməti sabit və möhkəm valyuta kimi qəti müəyyənləşdirilmiş dollara olan inam sarsıldı. Maliyyə böhranı başlanırdı. Bundesbank məcburiyyət qarşısında qalaraq dünya valyuta bazarını həddindən çox bürümüş artıq dollarları almağa başladı. Alınan dolların miqdarı 1 saat ərzində 1 milyard dollara çatdıqda, bank müəyyənləşdirilmiş kursla dolların alınmasını dayandırdı və həmin gün, yəni 5 may 1971-ci ildə alman markasının "azad üzən" kursunu elan etdi. Bunun ardınca Danimarka hökuməti valyutasının "azad üzən" kursunu elan etdi.

Ötən əsrin 60-cı illərindən etibarən dünyanın ən dönərli valyutası ABŞ dollarıdır və ölkələrarası ticarətin 70 faizdən yuxarısı bilavasitə bu valyuta ilə, daha 20 faizi isə çarpaz məzənnə olaraq dolayısı ilə onunla həyata keçirilir. Ayrı-ayrı ölkələrin milli valyutalarının dəyəri də onların dollarla olan məzənnəsi əsasında hesablanır.

Dollar haqqında maraqlı məlumatlar da var. Belə ki, hesab edilir ki, 1 dollar nominalında olan banknotda masonların simvolları şifrələnib. Axtarış saytlarında əsginasda təsvir olunmuş piramidanın aşağısında yazılan MDCCLXXVI – simvollarını yığmaq kifayətdir, sorğuya cavab olaraq şifrələnmiş simvollar mövzusunda çox sayda məqalələr çıxacaq. Bəzi müəlliflər 1935-ci ilin bir dollarlıq əsginasının dizaynını yanlış olaraq rus rəssamı Nikolay Rerixə aid edirlər. Ancaq onun görünüşünün dəyişilməsinin təşəbbüskarları Henri Uolles və Franklin Ruzvelt olmuşdu. Onun dizayneri ABŞ-ın Maliyyə Nazirliyi yanında pul nişanları və qiymətli kağızlar buraxan Qravyur Bürosunun rəisi Edvard M. Uiksdir. ABŞ dolları çap olunan kağız – 25% kətandan və 75% pambıqdan ibarətdir. O, bütün parça boyu səpələnmiş müxtəlif ölçüdə qırmızı və göy rəngdə xırda sintetik lifləri olan neytral rəngdədir. Dollar nəyə görə yaşıldır? 1869-cu ildə ABŞ-ın Maliyyə Nazirliyi Filadelfiyadan olan Messers J. M. Sox şirkəti ilə pul istehsalı üçün eni 2-3 düym çətinliklə görünən şaquli zolaqlı xüsusi su nişanı olan kağız buraxmaq üçün müqavilə bağlamışdı. Təxminən həmin illər xəzinədarlıq ilk dəfə yaşıl boyadan istifadə edərək dollarları çap etməyə başladı.

Yeniliyin səbəbi fotoşəklin yaranması idi: ancaq kənarları yaşıl rəngdə olan qara boya ilə işlənmiş köhnə əskinasları çox asan olaraq fotoşəkil üsulu ilə yenidən çap etmək mümkün idi. Hazırlanmasında yaşıl rəng istifadə edildiyi səbəbindən, rənglər seçmək və boya almaq lazım deyildi. Bununla əlaqədar olaraq yaşıl boyanı böyük həcmlərdə istifadə etməyə başladılar. 1929-cu ilə qədər dollarların istehsalında müxtəlif rənglərdən istifadə olunurdu, birtonlu rəngdən ancaq 1929-cu ildə istifadə etməyə başladılar. Bu faktın izahı belə səslənir: yaşıl boyalar kifayət qədər ucuz idi, rəngin özü xarici təsirlərə nisbətən davamlı idi və psixoloji cəhətdən pullara etibar hissi yaradırdı. Son illər dollar banknotları yenidən müxtəlif rəngdə istehsal olunaraq, sarı və çəhrayı rənglərə çalmağa başladılar. Dolların bir banknotunun təxmini çəkisi, dəyərindən asılı olmayaraq 1 qrama bərabərdir. Dollar əsginasının ömrü orta hesabla təxminən 22 ay təşkil edir.

Ən çox saxta dollar 20 dollarlıq əsginaslarda olur. Əslində bunun belə olması heç də təəccüblü olmamalıdır. İlk olaraq ona görə ki, 20 dollarlıq əsginaslar daha çox istifadə olunur və 100 dollarla müqayisədə daha az nəzərə çarpır. Bir digər səbəb isə 20 dollarlığın saxtasını çıxarmaq digərləri ilə müqayisədə daha asandır.

Bundan əlavə, bəzi dollar əsginaslarının üzərində Vaşinqton və Linkolnın təsvirləri yer almaqdadır və onların şəkli ölümlərindən 2 il sonra dollar üzərində istifadə olunmağa başlayıb. Onu da bildirək ki, həmin illərdə saxta pul o qədər geniş yayılıb ki, gizli polis təşkilatı yaradılıb. Həmin dövrdə pulların üçdə birinin saxta olduğu qeyd olunur. (Yeni Müsavat)

  • Əvvəlki

    “Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb” - Rövnəq Abdullayev

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0