USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu kreditlərə təminat veriləcək - Prezidentdən fərman

08.04.2020 Bank
0 0
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

"Kommersant.az"ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədin 1.1-ci bəndinə "güzəştli kreditlərin" sözlərindən sonra ", təminatların" sözü əlavə edilib.

Həmin bənddə yazılırdı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

Bundan sonra isə Agentlik müvafiq sahədə təminatlar da verəcək.

Sənədin 2.0.3-cü yarımbəndinə isə "kreditlər" sözündən sonra "və həmin kreditlərə təminat" sözləri əlavə olunub.

Sənədin əvvəlki variantında qeyd olunurdu ki, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək Agentliyin fəaliyyət istiqamətidir.

Prezidentin fərmanı ilə edilən dəyişikliyə əsasən isə, 2.0.3 yarımbəndində nəzərdə tutulan kreditlərə təminat da verilməsi vurğulanıb.

Sənədə aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilib:

"Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək".