TANAP-la indiyədək nə qədər qaz nəql edilib?

31.05.2019 Hesabat
"Şahdəniz" yatağının II fazasından hasil edilən qazı Türkiyəyə nəql edən Trans Anadolu Təbii qaz boru kəməri (TANAP) vasitəsilə indiyə qədər Türkiyə bazarına 1,9 mlrd. kubmetr təbii qaz ixrac edilib.
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP layihəsində "Cənub Qaz Dəhlizi" QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. Report
VTB