USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Quş qripi ilə bağlı növbəti monitorinqlərin vaxtı açıqlanıb

18.02.2019 İqtisadiyyat
0 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti orqanların əməkdaşları ilə birgə, ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı fevralın 25-dən martın 1-dək növbəti monitorinqlər keçiriləcək.

Bu barədə "Kommersant.az"a AQTA-dan məlumat verilib.

Monitorinqlər Agentlik və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə respublikanın müxtəlif milli park və qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də dəniz sahili ərazilərində reallaşdırılacaq.

Monitorinqlərin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatda, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlananaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək.