USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə meyvə-tərəvəz niyə bu qədər bahadır? - Səbəbi açıqlandı

07.06.2019 İqtisadiyyat
0 0
“Mövsümü meyvələrdə qiymətlərin yüksək olması təklifin az olması ilə bağlıdır. Uzun müddətdir ki, bu haqda deyirik. Əhalinin artım tempi nəzərə alınmalıdır. Əhali ilbəil artır və meyvə-tərəvəz istehsal tempi isə bununla adekvat artmır”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri "Yeni Sabah"a mövsümi meyvələrdə müşahidə olunan qiymət bahalığı ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, meyvə istehsalında iqlim dəyişikliyi ilə bağlı müəyyən problemlər yaranır:

"İqlimin də öz təsiri var, ancaq müəyyən işlər aparılsa, aqrotexniki qaydalara əməl olunsa, intensiv yağışların yağması, dolu düşməsinin istehsala bir o qədər təsiri olmaz.

Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatında hər il nisbətən artım göstərirlər, amma bazar real olaraq vəziyyətin necə olduğunu tam mənzərəsi ilə ortaya qoyur. Yəni bu gün təklif çox olarsa, əhalinin tələbatına uyğun olarsa, qiymətlər bahalaşmaz. Əksinə normal qiymət münasibətləri yaranar. İndi də mövsümdür. Mövsümlə əlaqədar əhalinin bir qismi çalışır ki, meyvə və giləmeyvələrdən alıb mürəbbə bişirsin, qış ehtiyatı görsün. Bu, bizim fermerlərə imkan verir ki, daha çox məhsul satsınlar. Həm kəndlilər, həm satışla məşğul olan sahibkarlar üçün yaxşı imkan yaranır ki, daha çox məhsul satıb dövriyyənin hesabına daha çox qazanc əldə etsinlər.

Ancaq bunu həyata keçirmək mümkün deyil, çünki daha çox məhsul satmaq üçün daha çox istehsal etmək lazımdır. Problem istehsalla bağlıdır. İstehsal kifayət qədər deyil".

Ekspert vurğulayıb ki, artıq iyun ayı olsa da mövsümi meyvələrin qiymətləri çox yüksəkdir:

"Ümumiyyətlə, əhalinin bir hissəsi hələ bu meyvələrin nübarını etməyiblər. Orta təbəqə bunu edə bilməyib ona görə ki, alıcılıq qabiliyyəti aşağıdır, qiymətlər imkan vermir bu məhsullardan alıb nübar etsinlər. Nəinki ondan mürəbbə bişirmək. Tutun qiyməti yüksəkdir. Keçən il bu vaxt nisbətən pomidor, kartof, tərəvəz məhsullarının qiyməti ucuz idi. Bu il demək olar ki, tərəvəz məhsulları da baha qiymətə təklif olunur.

Bütün bunların bir səbəbi var. Bu sahədə aparılan siyasət qənaətbəxş deyil. Deyərdim ki, siyasət aparılmır. Pambıqçılıq, baramaçılıq, tütünçülük və digər sahələrə fikir verilir, o sahələrə daha çox maliyyə ayrılır, texnika gətirirlər. Kampaniya xarakterli tədbirlər həyata keçirirlər. Ancaq son vaxtlar meyvəçiliyin inkişafı ilə bağlı ciddi tədbirlər görmürük. Azərbaycanın gələcəyi bu sahə ilə bağlıdır. Yalnız daxili tələbat deyil, Azərbaycanın torpaq, iqlim şəraiti meyvə-tərəvəz istehsalı üçün daha münbitdir.

Daha geniş çeşiddə meyvə-tərəvəz istehsal edib xaricə ixrac edə bilərik. Ölkəyə valyuta gələr, nəinki pambıqçılıq və digər sahələrdən".

V.Məhərrəmov qarpız və yemişin qiyməti ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, son zamanlar Aran bölgəsində pambıqçılığın inkişafı ilə bağlı görülən bəzi işlər kəndliləri pis vəziyyətdə qoyub:

"O bölgədə məcbur etdilər ki, qarpız, yemiş deyil, pambıq əkini ilə məşğul olsunlar. Ona görə keçən il qarpızın istehsalı əvvəlki ilə nisbətən az oldu və qiymət bahalaşdı. Yəni kiçik ərazidə az əkəndə az da məhsul əldə olunur. Bu da əlbəttə ki, bazara öz təsirini göstərir.

Hələ ki, bostan əkini ilə bağlı statistik məlumatları əldə etmək mümkün deyil. Ümumiyyətlə, son zamanlar paradoksal vəziyyət yaranıb. Nə Dövlət Statistika Komitəsi kənd təsərrüfatı ilə bağlı məlumat verir, nə də Kənd Təsərrüfatı Nazirliyinin saytında bu məlumatları almaq mümkün deyil. Nazirliyin saytında sonuncu məlumat 2017-ci ilə aiddir. Sanki 2018, 2019-cu ilin 5 ayında heç nə olmayıb. Operativ məlumat olmalıdır. Məlumat əldə etmədən bəri başdan proqnoz vermək bir az çətindir.

Bizim də alternativ statisika əldə etmək imkanımız yoxdur. Düzdür, taxılçılıq, pambıqçılıq, kartof və digər sahələrlə bağlı təxmini statistikanı əldə edə bilirəm. Bu haqda fermerlər mənə məlumat göndərirlər. Ancaq bostan məhsulları ilə bağlı çətindir. Zaman göstərəcək əvvəlcədən demək çətindir".

  • Əvvəlki

    Azərbaycanda bənna prezident təqaüdünə layiq görülüb - FOTOLAR

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0