USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Əsl kürü bir yerdə satılır, onun da kilosu 1500 manatdır" - AÇIQLAMA

15.08.2018 İqtisadiyyat
0 0
"Turistlərə süni kürü satılır"

"Kommersant.az" xəbər verir ki, delikatesin 1 kiloqramının qiyməti 1000-1500 manat arasında dəyişir. Qara kürünün 80%-dən çoxu Xəzər dənizindən əldə olunsa da, nərə balığının kökü kəsilmək üzrə olduğundan onun ovuna qadağa (moratorium) qoyulub.

Xatırladaq ki, nərə balığının süni artırılması məqsədi ilə 1954-cü ildə Neftçalada ilk balıqartırma zavodu tikilib. Şirvan şəhərində və Qaradağ rayonunda da balıqartırma zavodları fəaliyyət göstərir. Bu zavodlarda xüsusi şəraitdə yetişdirilən nərə balıqları ("akvakultura" və ya "broyler balığı" yetişdirmək sənayesi) Xəzər dənizinə buraxılır (hər il təxminən 15-16 milyon).

2017-ci ilin 16 aprelində açılışı baş tutan "Varvara" balıqartırma müəssisəsi isə "Caspian Fish" şirkətinin həyata keçirdiyi layihələrdən biridir. İstehsal edilən məhsulların bir hissəsi yerli bazarlara çıxarılır, digər hissəsi isə ixrac edilir. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.

"Nərə balığının ovuna tətbiq edilən qadağa 2010-cu ildə Xəzəryanı ölkələrin birgə toplantısında qərara alınıb".

Bunu "Kommersant.az"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. Onun sözlərinə görə, 2011-ci ildən etibarən isə Xəzəryanı ölkələr nərəkimilərin satışına qadağa qoyublar:

"2010-cu ilin noyabrında Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən 3-cü Zirvə toplantısında ənənəvi kvotalar ləğv edildi. 2011-ci ildən 2018-ci ilə qədər nərəkimilərin əti və kürüsünün satışına qadağa qoyuldu. Məsələ, nəsli kəsilməkdə olan flora və fauna növlərinin ticarətinin tənzimlənməsi üzrə beynəlxalq konvensiyaya (CITES) əsasən tənzimlənib. Xəzər dənizinin bioresursları üzrə 1992-ci ildən komissiya işləyir. Azərbaycan 2 ildir ki, komissiyaya sədrlik edir".

Nazirlik rəsmisi, bazarlara çıxarılan kürünün "brokonyer"lər tərəfindən gətirildiyini istisna etməyib:

"Bu hala digər Xəzəryanı ölkələrdə də rast gəlinir. Azərbaycanda nərəkimilərin ehtiyatı 12-15 %-dirsə, digər ölkələrdə daha çoxdur. Avqustun 12-də keçirilən Xəzəryanı dövlətlərinin V Zirvə toplantısında dövlət başçıları qeyd etdilər ki, nərəkimilərin ticarəti üzrə uzunmüddətli qadağa qoyulmalıdır. Bu barədə Saziş üzrə iş tamamlanmalıdır. Bu ilin noyabrında Bakıda keçiriləcək sessiyada saziş müzakirə ediləcək. "Brokonyer"liklə birgə mübarizə üzrə protokolun qəbul olunacağı da gözlənilir.

"Caspian Fish"in Mingəçevirdə yaratdığı avtokultur fermalarda balığın yetişdirilməsi "brokonyer"liyin qarşısının alınmasında böyük rol oynayacaq. Eyni zamanda qida təhlükəsizliyini təmin edəcək".

Qeyd edək ki, CITES və digər beynəlxalq təşkilatlar tərəfindən ciddi nəzarət altında olan kürü emalı və ixracı hüquqları Azərbaycanda yalnız 2001-ci ildə yaradılan "Caspian Fish" şirkətinə məxsusdur.

Şirkətlə əlaqə saxlayıb qara kürünün qiymətini öyrənmək istəsək də, sualımız cavabsız qaldı. Şirkətin təqdim etdiyi təzə dondurulmuş məhsullar, soyuq hisə verilmiş məhsullar, isti hisə verilmiş məhsullar, qaxac edilmiş məhsullar, orta duzlu məhsulların da qiymətini öyrənə bilmədik. Şirkət əməkdaşı bildirdi ki, kürünün qiymətinin telefon vasitəsiylə deyilməsinə rəhbərlik icazə vermir.

Xatırladaq ki, təxminən 5 il öncə mətbuatda "Caspian Fish"in rəsmi internet səhifəsində bölgə, ağ balıq, uzunburun balıqlarının kürüsünün təqdim edildiyi, eləcə də orada kürünün emalını əyani göstərən videorolikin yerləşdirildiyi haqda məlumat yayılmışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanda qara kürünün qeyri-qanuni şəkildə satılması faktı mövcuddur:

"Qara kürünün primitiv üsullarla əldə edilib satılması qadağandır. Xüsusilə Təzə bazarda qara kürü açıq şəkildə satılır. Bu isə təhlükəlidir. Hətta elə qablaşdırılır ki, onu xarici ölkənin gömrük orqanları da müəyyən edə bilmir. "Caspian Fish" qanuni şəkildə qara kürü satır və qiyməti bahadır (1kq-ı təxminən 1500 manata). Şirkətə təhlükəsiz qida istehsal edən müəssisə olaraq balıq və balıq məhsullarını daxili və xarici bazara çıxarmağa icazə verilib".

Birliyin sədri, xüsusilə Həştərxandan gətirilən süni kürünün insanlarda çaşqınlıq yaratdığını bildirib:

"20 ilə yaxındır ki, Azərbaycanda müvafiq standartalara uyğun olaraq süni kürü hazırlanır. İstehlakçılar nərə balığını görüb onu həqiqi kürü kimi qəbul edirdilər. Rusiyadan (Həştərxandan) Azərbaycana daxil olan süni kürünün qablaşdırmasının arxa hissəsində çox kiçik hərflərlə süni kürü olduğu yazılır. Azərbaycanı kürü ölkəsi kimi qəbul edən xarici turistlər həmin kürünü təbii kürü kimi bilib ucuz qiymətə alırlar (təxminən 50 manata). Şadlıq evlərində, restoranlarda süni kürü ya təbii kürü kimi, ya da qarışdırılmış formada təqdim edilir. Kürü tez xarab olan məhsul olduğundan qida zəhərlənmələri baş verə bilər. İstehlakçı hüquqları kobud şəkildə pozulur".

Qida Təhlükəsizliyi Agentliyindən isə məsələ ilə bağlı "Kommersant.az"a bildirdilər ki, istehlakçıların hüquqları baxımından bütün növ qida məhsullarının hər mərhələdə - istehsaldan istehlaka qədər etibarlı olması təmin edilməlidir:

"Bu prinsiplər tez xarab olma xüsusiyyətləri olan balıq və digər su məhsullarına da aiddir. Xüsusilə sağlam qidalanmada olan əhəmiyyəti səbəbilə dünyada və ölkəmizdə balıq və su məhsulları yetişdirilməsinə maraq artır. Belə ki, balıqçılıq məhsullarının emal sənayesinin inkişaf etdirilməsi üçün atılan səylərdə əvvəlki illərə nəzərən artma tendensiyası görülməkdədir. Belə bir məqamda məhsulların kəmiyyəti ilə yanaşı təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Ona görə də, digər qida məhsullarında olduğu kimi, "Sudan Süfrəyə Balıq Təhlükəsizliyi" cari olaraq vacib konsepsiyalardan biridir".

Agentlikdən eyni zamanda bildiriblər ki, burada xüsusilə suyun keyfiyyəti (parazitlərin mövcudluğu, ağır metallar, bioloji toksinlər və s), həmçinin balıqçı gəmilərinin sanitariya-gigiyena vəziyyəti, balıq yetişdirmə fermalarında isə kultivasiya bölgələri və istehsal texnikaları, yemin keyfiyyəti və təhlükəsizliyi, qatqı maddələri və qalıntılar, bioloji maddələr, dərman və preparatlar, müəssisənin ümumi sanitariya-gigiyena vəziyyəti, soyuqda saxlanma və daşınma imkanları, satış məntəqələrinin gigiyena şəraiti, işçi heyətinin təhsil və məlumatlılıq dərəcəsi və s. kimi məsələlər müvafiq norma və tələblərə uyğun olmalıdır:

"Balıq sənayesində qida təhlükəsizliyinin inkişafı məqsədi ilə istehsal, saxlanma və satış məntəqələrinin infrastruktur və gigiyena baxımından müvafiq tələblərə uyğunlaşdırılması, laboratoriya imkanlarının yaxşılaşdırılması, istehsalçıların maarifləndirilməsi və davamlı izlənmənin təmin edilməsi üçün Agentlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir".