Qələm əhli nə qədər qazanır? - #HƏRYERƏDƏBİYYAT

09.10.2018 İqtisadiyyat
Bir neçə gündür ki, yazarlar sosial şəbəkədə yeni aksiyaya başlayaraq "#heryeredebiyyat" adlı həştəq yaradıblar.

"Kommersant.az" xəbər verir ki, aksiya təşkilatçılarının sözlərinə görə, bu, kitabın təbliği ilə yanaşı, ədəbi mühitdə olan problemləri qabartmaq məqsədi daşıyır. Mövzunun aktuallığını nəzərə alaraq, iqtisadiyyat portalı olaraq ədəbiyyat əhlinin qazancı ilə maraqlandıq.

Yazıçılar yaradıcılıqdan qazana bilirlərmi və ədəbiyyatdan kənar qazancları varmı?

Ayxan Ayvaz: "1500 manat yazıçının illik maddi tələbatları üçün kifayət məbləğ deyil".

"Yaradıcılıqdan qazanc əldə edirəm. Amma çox azdır, məni qane etmir. Məsələn, 300 tirajla kitabım çıxmışdı, hamısı satıldı. Biri 5 manatdan 1500 manat edir. Kitabı da hər ay çapdan çıxarmaq mümkün deyil. 1 kitab təxminən 2 ilə satılır. Kitablar çox aşağı tirajla çıxır. Kitabım çıxanda ən çox məktublar rayonlardan gəlirdi. Kitablarımın rayonlara çata bilməməsi ucbatından çoxsaylı oxucu itirdim. Kitab şəbəkəsi yalnız Bakı ilə məhdudlaşır. Rayonlarda 100 min potensial oxucu var.

Bu aksiyanı da ilk olaraq status formasında yazdım. Həmkarların dəstəyi ilə qrup halına gəldik. Məqsəd yeni yazarları daha geniş auditoriyaya çıxarmaqdır. Tez-tez "ədəbiyyat yoxdur, ədəbiyyat 60-cı illərdə qalıb", "yeni yazarlar ortaya əsər çıxara bilmirlər" kimi fikirlər səsləndirirlər. Yeni ədəbiyyat var, yazılır, sadəcə olaraq bizim imkanlarımız məhduddur. Toplumda belə bir anlayış da var ki, yazıçı kasıb olmaldır. Kasıb olanda yaza bilər.

Əədbi yaradıcılıqdan əldə etdiyim gəlir məni qane etmədiyi üçün hazırda jurnalist kimi fəaliyyət göstərirəm. "Ədalət" qəzetində çalışıram. 400 manat maaş alıram. Ədəbiyyatçıların qazancı təəssüf ki, həmişə jurnalistikadan çıxıb. Bu, bizim yaralı yerimizdir. 26 yaşlı Ayxan xəbərlə, müsahibə ilə məşğuldurda, özünü tam şəkildə ədəbiyyata həsr edə bilməz. Bu, praktiki olaraq mümkün deyil".

Aysel Əlizadə: "Azərbaycan yazıçısının maddi vəziyyəti çox bərbaddır".

"Yazıçı həyat şəraitinin pis olmasından dəfələrlə danışa, yaza bilmir. Çünki o cəmiyyətin problemlərini işıqlandırmağa öyrəşib. Cəlil Cavanşir kimi yazar canlı yayımda intihar edir, Mövlud intihar edir. Yazıçı həyata etiraz edirsə, onların heç olmasa orta yaşayış şəraiti təmin olunmalıdır. Ölkədə elə bir şərait yaradılmalıdır ki, kitablardan, hekayələrdən, çapdan qazancımız olsun. Heç kəs bizdən pulsuz yazı istəməsin. Bizim əməyimizi havayı tələb etməsin. Efirə qonaq çağırırlar, cəmiyyətə mesajlar ötürürük - bunlar hamısı qonorarla, müəllif hüquqları ilə tənzimlənsə yazıçı yaşayar. Kitabların təbliğatına, satışına dəstəkçilər lazımdır.

Kitab çapından qonorar almışam, amma tərcümə etməsəm, köşə yazmasam ancaq yazılarla, kitablarla qazanmaq mümkün deyil. İllərdir ki, işsizliyim davam edir. Yazıçı kimi redaksiyada oturub jurnalistika ilə məşğul olmaq alınmır. İctimai fəaliyyət yarımçıq qalır. Hansısa idarəyə işə düzələndə şərt qoyurlar ki, konkret problemə işıq salmamalısan. Belə əngəllərimiz olur".

Qismət Rüstəmov: "Ədəbiyyatdan qazanc əldə etmək üçün kitab bazarı sənayesi, nəşriyyat sistemi olmalıdır".

"Uzun müddətdir ki, kitab çap etdirmirəm. Sonuncu şeir kitabım təxminən 2010-2011-ci ildə çapdan çıxıb. Təqdimat zamanı müəyyən qədər kitab satıldı. Qazanc təqribən 1000 manat idi. Düşünmürəm ki, indiki vəziyyət elə də ürəkaçan olsun. Üzərində bir neçə ildir ki, işlədiyim kitablar var, növbəti ilin əvvəlində şeir kitapı çap etdirməyi düşünürəm. Yaradıcılıq Fondunun tərkibində ötən il 5-10 müəllifin kitabını çap etmişik. Həmin ərəfədə kitablar təxminən 300 tiraj civarında satılırdı. Ancaq kütləvi tiraj yoxdur.

Hazırda Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Dillər Universitetində işləyirəm. Məvacib məni qane edir. Qurumlar üçün ödənişli mühazirələr oxuyuram".

Cavid Zeynallı: "Ehtimal ki, 50 yaşdan sonra ədəbiyyatdan qazanc götürmək mümkün olacaq".

"Bu gün Azərbaycanda ədəbiyyatdan qazanc götürmək müşkül məsələdir. İnanmıram ki, kimsə gündəlik yaşayışını ədəbiyyatdan gələn qazanc hesabına qursun. 2 kitabım çap olunub. Onlardan biri aldığım prezident təqaüdü hesabına çap olunub. Digəri isə "Kulis.az"ın seriyası hesabına reallaşıb. 400 kitabdan 5 manata satılmaqla, il ərzində təqribən 1500 manat götürdüm. Hekayələr kitabımı çapa hazırlayıram. Kitabın çap xərclərini həll etmək məni düşündürür. Doğrudur, şikayətçi də deyiləm, amma hər halda kitab çapı zamanı qayğı, sıxıntı ilə üzləşmək istəməzdim.

10 ildən çoxdur ki, jurnalistika ilə məşğul oluram. Fəaliyyətimin 6 ilindən çoxu "APA"da olub. Azərbaycan Dillər Universitetinin informasiya şöbəsində fəaliyyətə başlamışam. Akademik Milli Dram Teatrında mətbuat katibiyəm. Hazırki məvacibimlə ailəmi və özümü dolandırıram. Arzu edirəm ki, yazarların ədəbiyyatdan qazancı olsun. Lakin düşünmürəm ki, məsələ yaxın vaxtlarda həllini tapacaq. Hətta 10 ildən də çox vaxt tələb edə bilər".

Eminquey Akif: "Azərbaycan Yazıçılar Birliyinin qonorar sistemi bərbaddır. 1 hekayəyə görə 20-30 manat qonorar verirlər".

"Hazırda kitab mağazalarında daha çox xarici müəlliflərin kitabları satılır. Yerli müəlliflərə yer verilmir. Kitabımı elə yerə qoyurlar ki, kitab almağa gələnlər o kitabı görmür. Ön rəflərə xarici yazarların kitabları qoyulur. Onlar da daha çox satılır. Ona görə də azərbaycanlı yazarlar kitablarından qazanc götürə bilmirlər. Gənc yazarların kitablarının dövriyyəyə daxil olmasını istəyirik. Bu yolla kitablarımız satılacaq.

Hazırda "Ədalət" qəzetində işləyirəm. 400 manat məvacib alıram. "Teleqraf", "Modern.az" kimi saytlarda çalışmışam. Qonorar ucbatından iş birliyini dayandırdıq. Türkiyə mətbuatında köşə yazarı ayda 2000-3000 manat qazanır. Ona görə də təhlil köşələri yazırlar. Qonorar çox olduqda müəllif istər-istəməz işə həvəsli yanaşır. Yerli saytlar tərəfindən isə bizə 1 köşə üçün maksimum 30 manat qonorar təklif olunur. Məbləğ müəllifin nə dərəcədə tanınmasından asılı olaraq dəyişir. Saytların mövzu seçiminə müdaxiləsi isə yazarın azadlığını əlindən alır.

Jurnalistika yaradıcı adamın vaxtını alır, əngəlləyir. Jurnalistika fəaliyyətinə başlayandan çox yaza bilmirəm. İş adamları, əsasən, şou əhlinə pul yatırır, ədəbiyyat kənarda qalır. 2 il əvvəl şeir kitabım çapdan çıxdı. Ondan demək olar ki, qazanc əldə etmədim. 5 manatlıq kitabdan təqribən 2,5 manat qazancım olur. Əlbəttə ki, bu qazanc mənə sərf etmir. Kitab evləri deyir ki, şeir kitabları satılmır, götürmürük. 1 köşəmə minimum 70 manat qonorar alsam, normal yazaram".

Sonuncu Orxan: "Ədəbiyyatdan heç vaxt qazanc əldə etməmişəm".

"Nə çap olunan şeirimə, nə də hansısa essemə qonorar verilməyib. Çapla bağlı elə bir çətinliyim yoxdur. Əvvəl "kulis.az" bizə meydan verirdisə, indi bu vəzifəni "sim-sim.az", "adalet.az" üzərinə götürüb.

Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Maaşım da dolanışığıma yetərlidir və işimdən razıyam. İşim yaradıcılığa heç bir halda mane olmur. Dərslərim səhər növbəsində olduğundan, boş vaxtım çox olur".