USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının qardaşı oğlu 1 milyon dollara görə ortağını dəmir boru ilə döyüb - İDDİA

28.08.2019 İqtisadiyyat
0 0
Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında "əkişdirən” Xəyyam Balayevi dəmir boru ilə döyüb.

"Kommersant.az" virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin özü məhkəmədə deyib.

Dələduzluqda ittiham edilən Xəyyam Balayev ötən həftə məhkəmədə həbs olunub. İndiyə qədər onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

33 yaşlı Xəyyam Balayev məhkəmədə belə deyib: "Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub".

Yalçın Abdullayevin əmisi Vaqif Abdullayev 2012-2018-ci illərdə Beyləqan rayonunun icra başçısı olub. Əhvəlat, yəni 1 milyon dollara yaxın pulun biznes üçün X.Balayevə verilməsi də bu dövrə təsadüf edir.

İndi Vaqif Abdullayevin qardaşı oğlu iddia edir ki, Xəyyam Balayev birgə biznes qurmaq adı altında onun 965 min dollarını alıb və mənimsəyib.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanan X.Balayev özünü təqsirli bilmir, deyir ki, çoxdan bizneslə məşğul olur. Onun sözlərinə görə, Y.Abdullayevlə birgə iş təklifi onun özündən gəlib:

"Mən Elçin Əliyevlə steklovat (şüşə-pambıq üzlük, izolyasiya materialı-red.) alışı-satışıyla məşğul olurdum. Mal bizə, əsasən, Türkiyədən göndərilirdi. Yalçın Abdullayevi də Elçinin vasitəsilə tanımışam. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə birlikdə iş görməyi təklif elədi. Mən ona Elçinlə işim haqda danışmamışdım. Özü məlumatlı idi, buna görə təklif də ondan gəldi. Dedi ki, steklovat işinə başlamaq istəyir. Düzdür, ondan pul alınıb, iş görülüb, sonra da geri qaytarılıb. Mən bu gün niyə həbsdəyəm, bilmirəm".

X.Balayev deyir ki, zərərçəkən tərəf ona və yaxınlarına təzyiq edir, hədələyir. Ölümlə hədələndiklərini iddia edən təqsirləndirilən şəxsin sözlərinə görə, bu işdə onun əleyhinə heç bir mötəbər sübut yoxdur: "İşdəki səs yazısı da sübut kimi qəbul oluna bilməz. Çünki məni döyüb, zorla o sözləri dedirdiblər".

X.Balayevin vəkili sözügedən səs yazısının qanunsuz yolla əldə edildiyini əsas gətirib sübutlar siyahısından çıxarılması, bir də müvəkkilinin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.

Zərərçəkən Y.Abdullayev özü məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. Vəkil döyülmə, zorla səsyazma kimi ittihamlara cavab verməsə də, pulun qaytarılmadığını söyləyib.

42-yaşlı Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.

X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmə işi bu gün - avqustun 28-də davam edəcək.

  • Əvvəlki

    Azərbaycan bu ölkədən 67 ton düyü idxal edib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0