USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qaydaları pozan obyektlərin fəaliyyəti dayandırıldı - DİN-DƏN AÇIQLAMA

15.03.2020 İqtisadiyyat
0 0
Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

"Kommersant.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulmuşdur.

Qeyd edilməlidir ki, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.

Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərmişlər.

Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılmış, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi izah edilmişdir.

Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur.

BAKU.WS