USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat ilk maaşının bir hissəsini koronavirusla mübarizəyə ayırdı

22.03.2020 İqtisadiyyat
0 0
Milli Məclisin deputatı Vuqar Bayramov ilk maaşının bir hissəsini koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə onun özü məlumat verib.

"İlk məvacibin bir hissəsinin nəcib, xeyirxah məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın çox gözəl adəti var. Xalqı yaşadan, cəmiyyəti ayaqda tutan məhz belə, mahiyyətində həmrəylik, birlik, vəhdət olan adət-ənənələrdir. Xalqımız ellə gələn dərd-bəlanın öhdəsindən həmişə qibtə olunacaq həmrəyliyi sayəsində uğurla gəlib, tarixən sınaqlardan üzüağ, alnıaçıq çıxıb.

Məhz belə bir gündə xalqla parlamentin həmrəyliyinin nümunəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvləri olaraq qərara aldıq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün qanunverici orqanda ilk əmək haqqımızın bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürək".

O, qeyd edib ki, qlobal epidemiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərinə münasibətdə xalqımızın bütün təbəqələrinin həmrəylik nümayiş etdirməsi həm insanlarımızın səhhətinin, sağlamlığının qorunması, həm də iqtisadiyyatımızın bu sınaqdan mümkün qədər az itkilərlə çıxması baxımından çox vacibdir:

"İnşallah, biz bunu bacaracağıq".