USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Keçmişdə bəzi ümidlər puç olub" - Yeni nazirdən gözləntilər

30.07.2020 İqtisadiyyat
0 0
İyulun 27-də Emin Əmrullayev təhsil naziri təyin olundu. 38 yaşlı gənc nazir yeni təyinatına qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

İctimaiyyət nümayəndələrinin, ekspertlərin yeni təhsil naziri haqda rəyləri necədir?

"Kommersant.az"-ın xəbərinə görə, bu suala cavab verən millət vəkili Fazil Mustafa "Təbii ki, ölkə prezidentinin bu təyinata dair öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanıbsa, bu, o deməkdir, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparılıb və yekun nəticəyə gəlinib", - deyə qeyd etdi: "Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək.

Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır".

Fazil Mustafa yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: "Mənim anlayışıma görə, Təhsil Nazirliyi ölkənin Müdafiə Nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bu, yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazımdır. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilmiş təhsil infrastrukturu yaradılmalıdır.

Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır.

Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, tibb və hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obyektivliyi ilə tanınan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmalıdır. Xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar".

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat"a açıqlamasında yeni naziri yaxından tanıdığını deyib:

"Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablandırılması qısa müddətdə həyata keçiriləcək".

Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: "Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 ştat dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir".

Təhsil eksperti Məlahət Mürşüdlü də qeyd etdi ki, yeni təhsil naziri Emin Əmrullayevi yaxından tanıyır:

"Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir.

Beləliklə də Emin Əmrullayevin təhsil naziri təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, bu, yerində olan bir təyinatdır. Dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır.

Əlbəttə ki, Təhsil Nazirliyində görüləcək, yarımçıq qalmış xeyli işlər, islahatlar var. Xüsusən də təhsilin keyfiyyəti, dərsliklərin yenidən işlənməsi, müəllim kadrlarının daha da inkişafı, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər var. Düşünürəm ki, Emin Əmrullayev bütün bu işlərin öhdəsindən gələcək, çünki özü də həmin islahatların başlamasında fəal iştirak edib".

Məlahət Mürşüdlü Təhsil Nazirliyində yarımçıq qalmış və öz həllini tapmalı olan məsələləri bir daha vurğulayıb:

"Məsələn, 2014-cü ildə Regional Təhsil Şöbəsinin yaradılması ilə bağlı qərar verilmişdi, lakin nədənsə bu qərarın icrası dayandırıldı. Düşünürəm ki, Pedaqoji Universitetin nəzdində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün inkişaf mərkəzinin açılması zəruridir. Sirr deyil ki, müəllimlərimiz məktəbə hazır vəziyyətdə gələ bilmirlər. Yəni, valideynlərlə işləyə, ünsiyyət yarada bilmirlər. Yəni müəllimlərə bilik verilsə də, sosial bacarıqlar kifayət qədər verilmir. Düşünürəm ki, qeyd etdiyim mərkəzlər açılsa, müəllimlərin bir növ pedaqoji internatı da dəyişər.

Daha sonra dərsliklərin, xüsusən də humanitar, ədəbiyyat, tarix dərslikləri artıq müasir standartlara cavab verən dərsliklər olmalıdır. Məsələn, ədəbiyyat fənnindən "Leyli və Məcnun"u götürək. Axı şagirdlər nə qədər Leyli və Məcnunun nakam eşqinə şahidlik edib, qəm çəkməlidirlər? Nizaminin, Nəsiminin əsərlərinə baxış dəyişməlidir və sairə".

İctimai fəal Bəxtiyar Hacıyev isə qeyd edib ki, yeni təhsil naziri 15 ildən artıqdır ki, gənclər və təhsil sektorundadır. O, bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir: "Mən də onu bu günə qədər yaxşı insan kimi, vətənimizi və vətəndaşlarımızı sevən bir gənc kimi tanımışam. Bu baxımdan onun nazir təyin olunmasına insan olaraq sevindim və bunu təqdir edirəm.

Ancaq bu barədə yazdıqda sosial şəbəkə istifadəçiləri əvvəllər də gənc kadrların təyin edildiklərini, lakin ciddi dəyişikliklər baş vermədiyini bildirib, bu təyinata müsbət yanaşanları, o cümlədən məni də tənqid etdilər. Onları da anlayıram. Keçmişdə bəzi ümidlər həqiqətən də puç olub. Ümumilikdə vətəndaşların hakimiyyətə və sistemə etibarsızlığı var və bu da yeni nazirin üzərinə daha böyük bir məsuliyyət qoyur. Yeni nazir bu ümidləri doğrultmaq istiqamətində səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə etməlidir".Musavat.com

  • Əvvəlki

    Elman Rüstəmovdan dollarla bağlı - QƏRAR

Digər xəbərlər