USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevdən "Mingəçevir" sərəncamı

03.07.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

"Kommersant"ın məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat, əsasən, bərpa olunub.

Dövlət başçısı "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradıb:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.

Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.