USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər kredit borcuna görə həbs olunacaqlar - EKSPERT ŞƏRHİ

02.10.2018 İqtisadiyyat
0 0
"Borclu sahibkarlar yalnız "Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə" adlı 195-ci maddə ilə məsuliyyətə cəlb oluna bilər".

Bunu "Kommersant.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, yalnız kreditin qaytarılması haqqında qüvvəyə minmiş məhkəmə aktını qərəzli icra etməyən (yəni, sübut edilmiş imkan ola-ola borcu ödəməyən) şəxs məsuliyyət daşıyır (imkan yoxdursa, həmin şəxs özünü müflis elan edə bilər):

"Bunun üçün isə kreditor (bank) əvvəlcə məhkəmədə iddia qaldırıb qüvvəyə minmiş məhkəmə qətnaməsi əldə etməlidir. "Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə" maddəsinə əsasən 2 növ cinayət tərkibi mövcuddur: 1) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən hüquqi şəxsin, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması; 2) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən kreditdən təyinatı üzrə istifadə edilməməsi. Hər iki tərkibin bir vacib əlaməti də var – ziyanın vurulması: xeyli miqdarda (100 min manatadək) olduqda 2 ilədək, külli miqdarda (100 min manatdan artıq) olduqda isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Ekspert qeyd edib ki, sahibkar və ya hüquqi şəxsin rəhbəri yalnız o halda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər ki:

"Krediti almaq üçün banka qəsdən yalan məlumat verib (məsələn, maliyyə göstəricilərini şişirdib), yaxud kreditdən təyinatı üzrə istifadə etməyib (məsələn, Azərbaycanda sahibkarlıqla məşğul olmaq əvəzinə Gürcüstanda daşınmaz əmlak alıb). Təbii, hər iki halı mütləq sübut etmək lazımdır. Bu, nəinki asan deyil, əksər hallarda bank rəhbərlərini çox çətin vəziyyətə salır. Çünki açıq-aşkardır ki, onlar da borc alanlarla ya əlbir olublar, ya da ən azı vəzifələrini vicdanla icra etməyiblər. Axı necə ola bilər ki, sahibkar peşəkar bankirə yalan məlumat versin, sonuncu da onu yoxlamadan kredit versin? Axı qanunvericiliyə əsasən yoxlamalı idi! Və ya necə ola bilər ki, peşəkar bankir illər öncə sahibkara verdiyi kreditin təyinatı üzrə xərclənmədiyini yalnız indi bilsin? Axı qanunvericiliyə əsasən kreditin istifadəsi vaxtaşırı monitorinq olunmalı idi. Mən hələ onu demirəm ki, əksər hallarda kredit müqavilələrində kreditin təyinatı qeyri-müəyyən (ümumi sözlərlə, məsələn, "dövriyyə vəsaitlərinin artırılması") ifadə olunur. Deməli, sahibkarlarla yanaşı, bankirlərə də cinayət işi açılmalıdır. Amma nədənsə hələlik belə işlər birtərəfli (sırf sahibkarlara qarşı) xarakter daşıyır. Bu da sahibkarlara özlərini müdafiə etmək üçün geniş imkanlar yaradır. Nəhayət, sözügedən maddədəki cinayət tərkibləri böyük ictimai təhlükə törətməyən (xeyli miqdarda ziyan vurulduqda) və ya az ağır (külli miqdarda ziyan vurulduqda) cinayətlərə aiddir".

Ə.Həsənov vurğulayıb ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, birinci halda şəxs cinayət məsuliyyətinə cinayətin törədildiyi gündən 2 il keçdikdə, ikinci halda isə 7 il keçdikdə cəlb edilə bilməz:

"Həmin müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni şəkildə qüvvəyə mindiyi anadək hesablanır. Yəni, məsələn, hazırda barəsində cinayət işi açılan şəxsə dair hökm böyük ehtimalla 2019-cu ilin ortalarından tez qüvvəyə minməyəcək. Kreditlər isə illər əvvəl götürülüb. Deməli, ehtimal edilən cinayət də o zaman baş verib. Birmənalı olaraq 2 ildən çox keçib, yəni 100 min manatadək məbləğlər üzrə müddət çoxdan ötüb. Əksər hallarda bu kreditlər 2012-ci ilədək götürülüb, yəni 7 il də ötüb. Bu isə o deməkdir ki, hətta 100 min manatdan çox məbləğlər üzrə də müddət ötüb. Bu isə cinayət məsuliyyətini istisna edir".

  • Əvvəlki

    "5G Home" evlərə gəlir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0