Azərbaycanda qızıl hasilatı 11%, gümüş hasilatı 41% artıb

21.05.2020 Statistika
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 ton 187,4 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,6% çoxdur.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin 4 ayı ərzində 1 ton 423,8 kq gümüş hasil edilib, bu 41,4% artım olması deməkdir.

Hasil edilən qızıl və gümüş emala göndərilib.

1 may 2020-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 242,7 kq, gümüş ehtiyatının həcmi 231 kq təşkil edir.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

  • Əvvəlki

    “Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır”

Digər xəbərlər