Metronun "Sahil" Stansiyasında nələr dəyişib?

07.06.2018 Nəqliyyat
"1967-ci il noyabr ayının 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu.

Buna görə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi". Bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı açılışda deyib.

O bildirib ki, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".