USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiya xarici seriyalı maşınları Azərbaycanda “girov”a çevirib - Çıxış yolu

02.04.2020 İqtisadiyyat
0 0
Ekspert: “Belə bir vaxtda xarici seriyalı nəqliyyat vasitələrinə görə sürücülərə cərimə tətbiqi adekvat deyil”

Koronavirus infeksiyası dünya ölkələrini sərhəd qapılarını bağlamağa məcbur etməsindən dolayı çoxsaylı problemlər yaşanmadadır. Şəxsi avtomobilində bu və başqa ölkəyə getmiş, orada qalmalı olan vətəndaşlar mövcud qanunları pozmalı olurlar. Məsələn, Azərbaycana öz maşını ilə gələn və sərhədlərin qapadılmasından sonra ölkə ərazisində qalan xarici vətəndaşlar var. Həmin xarici vətəndaşların ölkə ərazisində qalma müddəti ilə bağlı məsələ həllini tapıb. Belə ki, qərar verilib və Dövlət Miqrasiya Xidmətinin (DMX) saytında koronavirus pandemiyası ilə bağlı yeni funksiya yaradılıb. Koronavirusa görə ölkədə qalma müddəti bitmiş əcnəbi vətəndaşlar komitənin saytında yeni bölməyə daxil ola bilirlər.

Belə ki, xarici vətəndaşları pandemiyaya qədər ölkədə müvəqqəti qalma müddətinin uzadılması üçün sərhədi keçməli idi. Dəyişikliyə görə artıq martın 17-dən etibarən buna ehtiyac yoxdur. Mövcud vəziyyət nəzərə alınaraq, müraciət edən vətəndaşların ölkədə müvəqqəti qalma müddəti sərhədi keçmədən uzadılır. Ölkədə qalma müddəti bitən vətəndaşlar üçün müddətin uzadılması məsələsinə Miqrasiya Xidməti müsbət yanaşır. Buna görə də vətəndaşlar ölkədə müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı Miqrasiya Xidmətinə müraciət edirlər. Eyni zamanda həmin vətəndaşlar sayta daxil olub elektron xidmətlərdə ölkədə müvəqqəti qalma müddətinin uzadılması hissəsinə klik etməlidir. Daha sonra "koronavirusa görə gedə bilmədi" bölməsini seçməlidirlər. Bu vəziyyət Miqrasiya Xidməti tərəfindən nəzərə alınacaq.

Xarici vətəndaşların nəqiyyat vasitələri ilə bağlı suallar isə açıq qalıb.

2020-ci il 14 mart saat 00:00-dan etibarən Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunub. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərir. Şəxsi nəqiyyat vasitələri ilə bağlı isə qeyri-müəyyənlikdir.

"Kommersant.az" xəbər verir ki, "Yeni Müsavat" əməkdaşı məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib. Ekspert deyib ki, Nazirlər Kabinetinin məlum qərarı qüvvəyə mindiyi gündən ölkə ərazisində yüzlərlə belə avtonəqliyyat vasitəsi qalıb:

"Məsələ ilə maraqlananda məlum oldu ki, Azərbaycan ərazisində yüzlərlə xarici nömrə nişanlı nəqliyyat vasitəsi qalıb. Dövlət qurumları bu məsələdə sürücüləri anlayışla qarşılayacağına ümid edirik. Heç bir cərimədən söhbət gedə bilməz. Mövcud vəziyyət bütün dünyada gərginlik yaradıb və bu gərginliyin fonunda insanlar öz sağlamlığını, səhhətini düşünür. Belə bir vaxtda xarici seriyalı nəqliyyat vasitələrinə görə sürücülərə cərimə tətbiqi adekvat deyil. Ölkəyə daxil olan avtonəqliyyat vasitələri qeydiyyata alınır. Həmin avtomobillərin ölkə ərazisində qalma səbəbi də bəllidir. Azərbaycan da, Gürcüstan da dövlət sərhəddini bağlayıb. İran, Rusiya sərhədlərində də eyni vəziyyətdir. Bu gün Azərbyacan ərazisində Gürcüstan çoxluq təşkil etməklə İran, Rusiya və Ukraynada qeydiyyatda olan avtomobillər var. Bəzi avtonəqliyat vasitələrinin Azərbyacan ərazisində qalma müddəti bitib, bəzi avtomobillərin qalma müddəti bitmək üzrədir. Belə avtomobillərə güzəşt tətbiq olunmalıdır və ümid edirəm ki, belə bir qərar veriləcək. Çünki digər ölkələrdə olan Azərbaycan vətəndaşları da eyni aqibəti yaşaya bilərlər. Gürcüstanda, Türkiyədə, İranda, Rusiyada da Azərbaycanda qeydiyyatda olan avtomobillər var".

Elməddin Muradlı deyib ki, ötən il noyabr ayının son həftəsindən etibarən Dövlət Gömrük Komitəsi xarici ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitələrinə nəzarəti gücləndirib. Əvvəllər xarici ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitələri bir il ərzində ölkə ərazisində hər 90 gündən bir giriş-çıxış edərək istismar edilirdi:

"Əslində, qanunvericilikdə xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin 90 gün ərzində ölkə ərazisində heç bir depozit ödənilmədən istismarına hər zaman icazə verilirdi. Lakin giriş-çıxış etdikdən sonra növbəti 90 gün ölkə ərazisinə daxil olmalarında heç bir maneə yaradılmırdı. Ötən ilin noyabrından vəziyyət dəyişib və tam avtomatlaşdırılmış sistem işə düşüb. Sistem avtomatik çalışdığına görə 1 illik qalma müddəti üçün gömrük rüsumları ödənilməlidir. Xarici vətəndaşın adına alınan avtomobillər Avro 4-dürsə, gömrük qeydiyyatına alınmalıdır. Avro 4 olmayan maşınlar 90 günün tamamında ölkəni tərk etməlidirlər.

Xarici ölkəyə məxsus avtomobil 1 il ərzində ölkəyə 90 gündən artıq olmamaq şərti ilə daxil ola bilər. Avtomobillər avtomatik rejimdə həm dövlət qeydiyyat nişanı, həm də VİN kodla yoxlanılır. 90 günü keçmiş avtomobillər yenə də ölkəyə daxil olmaq istəyirsə, avtomobilin gömrük rəsmiləşdirilməsi miqdarında gömrük zəmanəti (depozit) ödənilməlidir. Azərbaycan vətəndaşları etibarnamə ilə xarici ölkə vətəndaşına məxsus nəqliyyat vasitəsini gömrük zəmanəti olmadan ölkəyə gətirə bilməzlər. İndi isə vəziyyət dəyişib. Koronavirus pandemiyası ilə əlaqdar sərhədlər bağlanandan sonra nəqliyyat vasitəsi ölkə ərazisində qalan xarici ölkə vətəndaşlarına güzəştlər olunmalıdır. Necə ki, xarici vətəndaşlar üçün Miqrasiya Xidmətinin saytında "koronavirusa görə gedə bilmədi" bölməsi yaradılıb, nəqiyyat vasitələri ilə bağlı da oxşar addım atılmalıdır".

  • Əvvəlki

    Qlobal neft-qaz şirkətləri xərclərini 20% azaldır

Digər xəbərlər